Azərbaycan nefroloqlarının beynəlxalq uğuru - FOTO
28-29 mart tarixində Türkiyədə - İstanbul şəhərində Dünya Transplantologiya Cəmiyyətinin ( TTS) birinci regional görüşü keçirilib.
Sehiye.info Oxu.Aza istinadən xəbər verir ki, görüşdə dünyanın 20 ölkəsindən, həmçinin ABŞ, İngiltərə, Kanada, Yaponiya, Avstraliya, İspaniya, Braziliya ilə yanaşı, Azərbaycandan da dəvət olunan aparıcı mütəxəssislər iştirak edib.
Görüşü çıxış nitqi ilə TTS-nin prezidenti, birinci regional görüşün təşkilatçısı professor Mehmet Haberal açıq elan edib. Dünyada orqan transplantasiyasının vəziyyətinə dair məsələlər ətraflı şəkildə müzakirə edilib.
Konqresdə Azərbaycanı Respublikanın baş nefroloqu Fariz Babayevin rəhbərliyi ilə iştirak edən nümayəndə heyəti təmsil edib.
Toplantıda çıxış edən Respublikanın baş nefroloqu Fariz Babayev Azərbaycanda bu sahədə görülən işlər, qazanılan nailiyyətlər haqqında məlumat verib:
“Son 15 ildə ölkəmizdə “Xroniki Böyrək Çatışmazlığı” haqqında Dövlət proqramı qəbul olunduqdan sonra Bakı və regionları əhatə etməklə, 50-yə yaxın hemodializ mərkəzləri yaradılıb.
3700-ə qədər xəstə dövlət təminatı hesabına dializ müalicəsi ilə təmin olunub. Həmçinin, 2008-ci ildən başlayaraq orqan transplantasiyası sahəsində də uğurlar əldə olunub.
Azərbaycanda 762 böyrək, 101 qaraciyər nəql edilmiş xəstə qeydiyyatdadır. Yalnız 2018-ci il ərzində Azərbaycanda 89 uğurlu böyrək köçürmə əməliyyatı həyata keçirilib”.
F.Babayev onu da əlavə edib ki, Səhiyyə Nazirliyi tərəfindən bu sahəyə xüsusi diqqət ayrılıb:
“Ölkədə böyrək çatışmazlığı və orqan nəqli problemlərinə dövlətin nəzarəti daha da artıb. Bunun göstəricisidir ki, xəstələrin dərman təminatı ilə yanaşı, hər il yeni dializ mərkəzlərin yaradılır.
Parlament tərəfindən orqanların köçürülməsi haqda yeni qanun layihəsi hazırlanıb və demək olar ki, artıq başa çatdırılıb”.
Çıxış konfrans iştiraklçıları tərəfindən böyük marağa səbəb olub. Konfrasda bu istiqamətdə digər mütəxəssislər də çıxışlar edib.