sehiyye.info

Dünya gözünü Azərbaycana dikib: AstraZeneca və Sputnikin birgə tədqiqi burada baş tutacaq

Dünya gözünü Azərbaycana dikib: AstraZeneca və Sputnikin birgə tədqiqi burada baş tutacaq
Azərbaycan "Sputnik V" və "AstraZeneca" şirkətlərinin COVID-19-a qarşı olan vaksinlərin birgə tətbiqi tədqiqatına icazə verib. Kiliniki sınaqların bu ayın sonunadək həyata keçiriləcəyi gözlənilir.

Səhiyyə Nazirliyinin məlumatında Azərbaycanın bu cür tədqiqata icazəni dünyada ilk ölkə olaraq verdiyi xüsusi vurğulanıb. Ancaq sınaqlar Azərbaycandan başqa bir neçə digər ölkədə də keçiriləcək.

Britaniyanın nüfuzlu universitetlərinin alimləri bu birgə tədqiqatın Covid-19 ilə mübarizəyə önəmli fayda verəcəyini bildiriblər.

Son həftələr ərzində Rusiya vaksininin elmi aləmdə reytinqi nəzərəçarpan dərəcədə artıb. Bu, nüfuzlu Lancet jurnalında Sputnik vaksininin sınaqlarda 91 faiz dərəcəsində effektivlik nümayiş etdirməsi barədə məqalənin dərc olunmasından sonra baş verib.

Britaniya və İsveçin müştərək məhsulu olan AstraZeneca vaksini isə sınaqlar zamanı müəyyən dərəcədə ziddiyyətli nəticələr göstərib. Belə ki, vaksinin 1,5 dozasının tətbiqi ikiqat dozadan daha yüksək effektivlik nümayiş etdirib.

İki oxşar peyvəndin qarışdırılması insanlarda daha güclü immunitetin əmələ gəlməsinə səbəb ola bilər.

AstraZeneca ilə əməkdaşlıqda Britaniyada hazırlanmış Oxford peyvəndi ilə Moskvadakı Qamaleya Tədqiqat İnstitutunun hazırladığı Rusiyanın Sputnik V peyvəndi arasında bənzərlik var, çünki hər ikisində Sars-CoV-2 virusunun tikanlı zülalının genetik materialı var.



REKLAM