sehiyye.info

Azərbaycanda peyvəndlərə inananların sayı "azalıb” – "Lancet" jurnalında araşdırma

Azərbaycanda peyvəndlərə inananların sayı "azalıb” – "Lancet" jurnalında araşdırma
Avropanın bəzi bölgələrində vaksinasiyaya etimadın artdığı bir vaxtda, Azərbaycan da daxil, dünyanın bir çox ölkəsində peyvəndlərə qarşı inamsızlıq hissi güclənməkdədir.

Vaksinasiyaya münasibət haqqında son araşdırmanın yekunları nüfuzlu Lancet jurnalında dərc olunub. Tədqiqatın nəticələri 2015-2019-cu illəri əhatə edir və 149 ölkə üzrə 284 min iştirakçının rəyinə əsaslanır.

Azərbaycan, Əfqanıstan, Gürcüstan, Yaponiya, Nigeriya və Pakistan kimi ölkələrdə peyvəndlərin əhəmiyyətinə, təhlükəsizliyinə və effektivliyinə inananların sayı azalıb.

Məlumata əsasən, Azərbaycanda peyvəndlərin təhlükəsiz olduğuna inanmayanların sayı 2015-ci ildə 2 faiz olubsa, 2019-cu ildə bu rəqəm 17 faizə çatıb.


Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev hesab edir ki, bu rəqəmlər doğrudursa, təhlükəli amildir, çünki vaksinasiya yoluxucu xəstəliklərə nəzarət etmək üçün mühüm tədbirdir və bunu vaxtilə Azərbaycanda qızılcanın yayılması və daha əvvəl, 1990-cı illərdə difteriyanın yayılması təsdiqləyib.

"Qızılca, su çiçəyi, göy öskürək və sair xəstəliklərə qarşı vaksinasiya mütləq aparılmalıdır. Kim etimad eləmirsə, düz eləmir. Bu, nə qədər insanın həyatını xilas edib," - BBC News Azərbaycancaya danışan Cəlal İsayev deyir.

"Axı, insanlar həkim deyillər, mütəxəssis deyillər. Müəyyən saytlarda, müəyyən internet şəbəkədə yayılan qeyri-peşəkar insanların sözlərinə əsaslanıb başlayırlar, hətta dünənə qədər deyirdilər ki, koronavirus da yoxdu. Amma var axı, dünyanı cənginə alıb".

Koronavirus peyvəndinin hazırlanmasına rəhbərlik edən qadın - Sarah Gilbert kimdir?
Bəs bu şübhə və inamsızlığa nə zəmin yaradır? Psixoloq İbrahim İbrahimov hesab edir ki, insanların səhiyyə sisteminə inamları azdır, ona görə də peyvənd əleyhinə kampaniya da özünə dəstək tapır.

Psixoliq əlavə edir ki, buna inancla bağlı təfəkkür də əlavə olunur: "Tam materialist düşünməyə hazır deyilik. Baş verənləri taleyə həvalə edirik ki, bu da arxayıncılıq yaradır. Deyirik ki, nə buyurulubsa, o, da üstün gələcək".

Bir çox ölkədə peyvənd mövzusu geniş miqyasda siyasiləşdirilib. Ümümdünya Səhiyyə Təşkilatına görə, daha bir problem inkişaf etməkdə olan ölkələrdə əhalinin arxayınçılığıdır. Başqa sözlə, insanlar bu xəstəliklərin zərərini unudublar.

"Lancet"dəki məqalədə deyilir ki, vaksinasiyaya ilə bağlı şübhələr Covid-19-a qarşı sınaqlar mərhələsində olan vaksinlərin tətbiqinə dair də suallar doğura bilər.

Azərbaycanda vaksinasiya icbari deyil. Bu, seçim valideynlərin sərəncamına buraxılır.


2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı peyvənddən imtina etməyi qlobal sağlamlıq üçün ən ciddi 10 təhdiddən biri elan edib.~~sputnik



REKLAM