sehiyye.info

"Sputnik V" peyvəndi müsəlmanlara halaldır

"Sputnik V" peyvəndi müsəlmanlara halaldır
Rusiya Müsəlmanları Ruhani İdarəsinin müftisi İldar Alyautdinovun sözlərinə görə, istehsalçılar artıq peyvəndin tərkibi barədə suallara aydınlıq gətiriblər

Rusiya Müsəlmanları Ruhani İdarəsi "Sputnik V" peyvəndini işləyib hazırlayanlardan preparatın tərkibi barədə məlumat alıb. İlkin məlumatlara görə, peyvəndin tərkibində müsəlmanlar üçün qadağan olunmuş heç bir maddə yoxdur. Bu barədə RİA Novosti-yə idarənin sədr müavini, müfti İldar Alyautdinov məlumat verib.

Qeyd edək ki, bir qədər bundan əvvəl müsəlmanlar yeni peyvəndlərin tərkib hissələrinin İslam dininin tələblərinə, yəni, halal olub-olmamasına görə narahatlıqlarını ifadə etmişdilər. Dindarlar, xüsusən də, preparatın istehsal prosesində donuz jelatinindən istifadəyə görə narahat idilər. Tatarıstan Müftiliyindən bildirilmişdi ki, əgər həqiqətən də peyvəndin hazırlanmasında donuz jelatinindən istifadə edilibsə, peyvənd halal deyil və ilahiyyatçılar bunun müsəlmanlar tərəfindən istifadə edilməsinin məqbul olub-olmadığına qərar verməlidirlər.

"Peyvəndi işləyib hazırlayanlardan cavab gəldi. Onun tərkibində donuz jelatini və ya hər hansı bir insan komponenti (hüceyrəsi) yoxdur. İlk baxışdan İslam nöqteyi-nəzərindən qadağan edilmiş bir şeyin olmadığını söyləyə bilərik", – deyə Alyautdinov bildirib.
Onun sözlərinə görə, istehsalçılar artıq peyvəndin tərkibi barədə suallara aydınlıq gətiriblər və gələn həftə preparatın hazırlanmasında iştirak edən elmi qurumların nümayəndələri ilə ilahiyyatçıların birgə görüşü planlaşdırılır.

"Biz isə bu məsələ ilə bağlı teoloji və hüquqi rəy - fətva hazırlayırıq", – deyə müfti vurğulayıb.//sputnik






REKLAM