sehiyye.info

Rafiq Bayramov: Hazırda venadaxili infuziyalardan istifadə bir növ dəb halını alıb

Rafiq Bayramov: Hazırda venadaxili infuziyalardan istifadə bir növ dəb halını alıb
Hazırda venadaxili infuziyalardan istifadə bir növ dəb halını alıb. Hər kəs venadaxili infuziyaları adi, gündəlik müalicə sisteminə salıb. Bu, qətiyyən qəbuledilməzdir. Öz-özünü müalicənin qətiyyən tərəfdarı deyiləm.

Sehiyye.info xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov deyib.

Mütəxəssisin sözlərinə görə, evdə müalicə xəstəliyi ağırlaşdıra bilir: “Birinci, xəstəliyin diaqnozunu dəqiqləşdirmək, ikinci, onun ağırlıq dərəcəsini və yanaşı xəstəliklərin olub-olmamasını müəyyənləşdirmək lazımdır. Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Bəzən xəstələnməyən, qonşusunda, tanışında, heç təmasda olmadığı adamda COVID aşkar olunan biri özünə venadaxili infuziyalar köçürtməyə başlayır. Xəstələrdən bunun səbəbini soruşanda deyirlər ki, orqanizmi möhkəmləndirmək, yoluxmamaq, xəstələnməmək üçün elədim. Onun yoluxma, xəstələnməyə heç bir aidiyyəti yoxdur. Ondansa, sosial məsafəni gözləmək, mümkün qədər qapalı yerlərdə, insanların çox olduğu məkanlarda olmamaq, maskadan istifadə etmək lazımdır.

Karantin qaydalarına ciddi əməl etmək daha vacibdir, nəinki sistem köçürmək. Əgər kiminsə şikayəti varsa, o halda poliklinikaya müraciət etməli, xəstəliyin diaqnozu dəqiqləşdirilməlidir. Həmin şəxs koronavirusa yoluxubsa, onun vəziyyətinə uyğun olaraq, ehtiyac varsa, stasionara yerləşdirilməli, gərək yoxdursa, izolyasiya olunub ev şəraitində karantinə alınmalıdır”.

R.Bayramov bildirib ki, heç bir xəstəlik üçün mütləq patoqnomatik əlamət olmadığından bir simptoma görə diaqnoz qoymaq çətindir: “Koronavirus infeksiyasında da eynilə belədir. Sadəcə, bu müddət ərzində rastlaşdığımız və ən çox müşahidə etdiyimiz əlamət temperaturun yüksəlməsidir. Bəzi hallarda olur ki, xəstədə hətta bir gün 37.2, 37.3 temperatur olur, sonra düşür. Bir müddətdən sonra həmin xəstələrdə halsızlıq, çox tərləmə, yanaşı olaraq iybilmə hissinin itməsi baş verir. Müayinə olunanda ağciyərlərdə dəyişiklik, “buzlu şüşə” görüntüsü meydana çıxır. Qeyd edim ki, koronavirus zamanı bu, stiqma yaradan bir simptomdur. Biz illərlə ağciyərlərdə “buzlu şüşə” görüntüsünü istər ürək çatışmazlığında durğunluqla yanaşı, istərsə də vərəm mənşəli və ya qeyri-spesifik pnevmoniyalar zamanı görmüşük. COVID-19-da olan “buzlu şüşə” bir az fərqlidir, onun xarakterik görüntüsü var. Yəni artıq kompüter tomoqrafiya (KT) görüntüsünə baxan kimi düşünürük ki, böyük ehtimal bu, koronavirusdur. Bu da qabırğaaltı sahədən, yəni ağciyərin periferiyasından ağciyər kökünə doğru yönəlmiş kölgə formasında müşahidə olunan dəyişiklikdir”.

Həkim test üçün əsas göstərişlərdən danışıb. O bildirib ki, testin aparılması üçün birinci şərt temperaturun qalxmasıdır. Bu, əsas göstəricilərdən biridir. Bununla yanaşı, xəstəlik başlayanda bəzən diareya, iy və dadbilmə hissinin itməsi də test aparılmasını vacib edir. Xəstəliyin başlanğıcında ilk mərhələlərdə yaxmanın informativliyi çoxdur. Bu da yoluxmadan sonrakı 5-7 gün ərzindədir və informativliyi 80 faizi ötmür. Beş-yeddi gündən sonra KT daha informativdir. Onun informativliyi isə 97-98 faizdir. Yeni yoluxanda infeksiya yuxarı tənəffüs orqanlarında olanda burun udlaqdan, ağız udlaqdan götürülən yaxmanın müayinəsi daha doğrudur. Lakin bu, o demək deyil ki, hamını KT etmək lazımdır. Hər kəsə fərdi yanaşmaq, xəstənin vəziyyətini dəyərləndirmək lazımdır.

R.Bayramov qeyd edib ki, təngnəfəslik müxtəlif səbəblərdən ola bilər: “Birincisi, təngnəfəslik psixoloji ola bilər. Bəzən xəstənin saturasiyasını, yəni qanın oksigenlə doyma dərəcəsini yoxlayarkən 98-99 faiz olduğu müəyyənləşir, lakin xəstə deyir boğuluram. Bu, təkcə, ağciyərlə bağlı olmur. Bu, həm nevroloji, həm də ürəklə bağlı ola bilər. Təngnəfəslik ağciyərin zədələnməsinə görə də olur. Zədələnmə sahəsi nə qədər çox olarsa, o halda xəstələrdə boğulma hissi bir o qədər çox olar. Burada da fikirlər müxtəlifdir. Birinci ondan ibarətdir ki, ağciyərin çox sahəsi zədələnmiş olarsa, qazlar mübadiləsi pozulur. “Buzlu şüşə” dediyimiz pnevmonit olan sahədə qazlar mübadiləsi pozulmuş olur. İkinci bir fikir də var ki, COVID-19-un, virusların təsiri əsasən qana, hemoqlobinədir. Virusun təsirindən hemoqlobin parçalanır. Nəticədə, dəmir ayrılır və hemoqlobinin oksigeni birləşdirib daşıma qabiliyyəti pozulur. Ona görə də qanda oksigenin miqdarı düşür, xəstələrdə boğulma hissi olur. Müayinədə xəstəliyin ağırlıq dərəcəsini yoxlamaq üçün təyin etdiyimiz ferritinin müayinəsi zamanı onun artması COVID-in ağırlıq dərəcəsini göstərir. Ferritin bir növ koronavirusun indikatorudur, ağırlıq dərəcəsi ilə paraleldir”.

“Əvvəlcədən payız dövründə yoluxma sayının artacağını gözləyirdik, çünki payızda havaların soyuması ilə bağlı tənəffüs, virus infeksiyalarına yoluxanların sayı artır. Həmçinin hava soyuduğu üçün insanlar daha çox qapalı məkanlarda, infeksiyanın yayılması üçün daha əlverişli mühitlərdə olurlar. Bu da digər tərəfdən virusun yayılmasına şərait yaradır. Amma ümumi götürdükdə noyabrın sonu, dekabrın əvvəlinə yoluxmanın pikə çatacağını gözləyirdik. Mənə elə gəlir ki, yoluxmanın azalması, hazırkı dalğanın səngiməsi yaza doğru olacaq. Koronavirus bir növ dünyanın düzənini dəyişən infeksiya oldu. Bununla paralel yaşamağa öyrəşməli, uyğunlaşmalıyıq. Yəni, xəstəliyin nə vaxt bitəcəyini söyləmək çox çətindir. Virus nə vaxtsa mutasiya edib aradan qalxacaqsa, nə zaman kollektiv immunitet yaranacaqsa, həmin vaxt rahat ola biləcəyik ki, artıq qorxusu yoxdur.

Düşünürəm ki, qısa zamanda bu çətinliyi dünya, ölkəmiz olaraq minimum itkilərlə sona yetirmək üçün hər kəs həmrəy olub, gözəgörünməz düşmənlə mübarizədə bir nöqtəyə vurmalıdır. Yəni hamı mübarizədə iştirak etməlidir. Vətəndaşlarımız karantin qaydalarına ciddi əməl edəcəksə, alacağımız nəticələr də bir o qədər yaxşı, yüksək olacaq”, - deyə R.Bayramov qeyd edib.//Azərtac



REKLAM