sehiyye.info

Nuru Bayramov: Qaraciyər infarktı müalicəyə cavab verməzsə, son şans kimi transplantasiya tətbiq olunur

Nuru Bayramov: Qaraciyər infarktı müalicəyə cavab verməzsə, son şans kimi transplantasiya tətbiq olunur
İnfarkt dedikdə qan təchizatının kəskin azalması ilə əlaqədar orqan və toxumalarda baş verən nekroz nəzərdə tutulur. Qaraciyər infarktı tibdə çox nadir rast gəlinən xəstəliklər sırasındadır. Qaraciyər ikili qan təchizatına malik olduğu üçün infarktın əmələgəlmə ehtimalı azdır. Lakin bəzi xəstəliklər onun yaranmasına təkan verə bilər. Qaraciyər infarktına qan xəstəlikləri, iltihabi xəstəliklər, bədxassəli xəstəliklər, anadangəlmə trombofiliya (tromboza, laxtalanmaya meyillilik) səbəb ola bilir. Məsələn, qaraciyərdən çıxan venalarda sürətli tıxanma olarsa (Budd-Kiari sindromu) və qaraciyər adaptasiyaya vaxt tapmazsa, işemik nekroz baş verə bilir. Həmçinin qaraciyərə gələn venanın tıxanması, yəni portal vena trombozu nəticəsində qaraciyərdə infarkt qeydə alına bilər. Qaraciyər infarktının transplantasiyadan sonra da qeydəalınma ehtimalı var. Arterial tromboz nəticəsində sadəcə öd yollarını ya da bütövlükdə köçürülən orqanı əhatə edən nekroz baş verə bilir. Qaraciyər transplantasiyasında 5-8 faiz hallarda tromboz qeydə alınır ki, bunların yalnız 10 faizində geniş nekroz baş verir.

Sehiyye.info bildirir ki,bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramov məlumat verib.

“Qaraciyər infarktı çox erkən mərhələdə aşkarlanarsa, ilk növbədə qan durulducularla müalicə edilir. Həmin üsul fayda verməzsə, mini invaziv müdaxilələrlə damarı açmağa çalışırıq. Qaraciyər infarktı müalicəyə cavab verməzsə, son şans olaraq transplantasiya tətbiq olunur və bu zaman xəstənin həyatını xilas etmək mümkündür”, - deyə mütəxəssis qeyd edib.



REKLAM