sehiyye.info

Vərəmin minimum müalicə müddəti 6-8 aydır

Vərəmin minimum müalicə müddəti 6-8 aydır
Ağciyər xəstəlikləri tibbin əsas, aktual sahələrindən biridir. Ümumilikdə, bronx-ağciyər sisteminin 800-dən çox xəstəliyi var. Bunun da 200-ə yaxını səpələnmiş xəstəliklərdir. Ağciyər xəstəliklərinin əsas əlamətlərindən biri olan öskürək xəstələrin bəzilərində uzun müddət ümumiyyətlə müşahidə olunmur. Bronx-ağciyər sistemi xəstəliklərinin yarıdan çoxunda ilk 6 ay ərzində heç bir əlamət qeydə alınmır. Tənəffüs sistemi xəstəlikləri içərisində ən çox rast gəlinən tənəffüs orqanlarının vərəmidir. Vərəm bütün dünyada, o cümlədən Azərbaycanda da əsas aktual problemlərdən biridir. Vərəm bütün orqanlarda ola və onları zədələyə bilər. Lakin ən çox rast gəlinən və ən çox zədələdiyi tənəffüs orqanlarıdır. Tənəffüs orqanlarının vərəmi olan xəstələrdə uzun müddət heç bir əlamət qeydə alınmaya bilər. Bunun üçün də vərəm haqqında maarifləndirmə tədbirlərinin daha çox aparılması lazımdır. Xəstələrin maarifləndirilməsi həm özlərinin sağlamlığı, həm də xəstələrin vaxtında müalicə olunması nəticəsində ətrafdakılar üçün epidemioloji təhlükəliliyin aradan qalxması üçün önəmlidir. Ətrafdakılar üçün vərəm infeksiyasının əsas rezervuarı - mənbəyi, epidemioloji təhlükəli olanı mikrobakteriya ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə dünya əhalisinin üçdəbiri vərəm mikrobakteriyaları ilə yoluxub. Hər il dünyada 10 milyondan çox insan vərəmlə xəstələnir. 2-3 milyon insan isə bu xəstəlikdən dünyasını dəyişir. Hər 10-15 saniyə ərzində bir nəfər dünyada vərəm səbəbindən vəfat edir.

Sehiyye.info xəbər verir ki,bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, vərəmin elə xüsusi əlaməti yoxdur ki, ona əsasən xəstəyə diaqnoz qoyulsun: “Vərəm xəstəliyi uzun müddət ərzində tədricən inkişaf etdiyi üçün orqanizm bu xəstəliyə, onun əlamətlərinə sanki öyrəşir. Yalnız vərəmin ağırlaşmış formalarında kəskin əlamətlər özünü büruzə verir. Lakin bəzi əlamətlər vərəmdən şübhələnməyə əsas verir. Bu əlamətlərə aiddir: xəstələrdə axşama doğru zəif subfebril hərarətin qeydə alınması, yəni axşamüstü temperatur 37.2-37.4 ° C-dək qədər yüksəlir; “yaş və ya nəm yastıq simptomu” - gecənin ikinci yarısı, səhərə yaxın kürək, ənsə nahiyəsinin tərləməsi; xəstələrdə uzun müddət halsızlıq, ümumi zəiflik əlamətlərinın olması. Dünya Səhiyyə Təşkilatı öskürəyi üç həftədən çox davam edən şəxsin vərəmə görə müayinə edilməsini məsləhət görür.

Vərəmlə hər kəs istənilən yaşda xəstələnə bilər, heç kəs ondan sığortalanmayıb. Çox yaxşı bir deyim var ki, “vərəm xəstəliyi öz vizit kartını əvvəlcədən heç kimə göndərmir”. Təəssüf ki, cəmiyyətdə vərəm xəstəliyinə və bu xəstələrə münasibət qeyri-adekvatdır. Vərəmə və ondan əziyyət çəkənlərə qarşı stiqma, fobiya var. Xəstələr çalışırlar ki, vərəmdən əziyyət çəkdiklərini hər kəsdən gizlətsinlər. Əvvəllər vərəm deyəndə yaşayış şəraiti, qidalanması, həyat tərzi qənaətbəxş olmayan, zərərli vərdişləri olanlar başa düşülürdü. Doğrudur, vərəmlə xəstələnməyə görə risk qrupları var. Lakin maddi vəziyyəti, həyat şəraiti yüksək olanlarda da vərəmlə xəstələnmə hallarına rast gəlinir. Orqan transplantasiyası zamanı toxuma uyuşmazlığıının aradan götürülməsi üçün immunosupressiyadan, yəni immuniteti aşağı salan dərmanlardan istifadə olunur. İmmunitetin süni sürətdə aşağı salınması orqanizmə yoluxmuş vərəm çöplərinin aktivləşərək xəstəlik törətməsinə səbəb olur. Bəzi xəstəliklərin müalicəsində steroid hormonlardan istifadə edilir. Həmin dərmanların xəstəliklərə müsbət təsiri olsa da, immunosupressiv effekti də var. Nəticədə orqanizmdə latent, yəni yatmış formada olan vərəm çöplərinin aktivləşməsi və xəstəlik törətməsinə şərait yaranır. Bundan başqa şəkərli diabetdən əziyyət çəkən, açıq ürək əməliyyatı və bu kimi ağır cərrahi əməliyyat keçirənlərdə də vərəmlə xəstələnmə riski çox yüksəkdir.

R.Bayramov bildirib ki, vərəmlə yoluxma çox olsa da, xəstələnmə göstəriciləri onun qarşılığında azdır. İlk dəfə yoluxanlar arasında xəstələnmə göstəricisi nisbətən çoxdur. Bu da ilkin yoluxanların 1 -10 faizə qədərini təşkil edir. İlkin yoluxanların qalan 90-99 faizində vərəm mikrobakteriyaları onların orqanizmində, xüsusilə də vərəm çöpləri limfotrop olduğu üçün limfa düyünlərində persistə etmiş, yəni yatmış vəziyyətdə qalır. Həmçinin həmin vərəm çöpləri yoluxmuş şəxsin ömrünün istənilən dövründə immuniteti zəifləyən kimi aktivləşə bilir, reversiya edir, ağciyərlərin və ya hər hansı bir orqanın vərəmini törədir. Təkrar yoluxanlarda isə xəstələnmə göstəriciləri daha da azdır.

Həkim xəstəliyin vaxtında aşkarlanması və düzgün müalicənin aparılmasının effektiv nəticə verdiyini qeyd edib: “Vərəmin müalicəsi uzunmüddətlidir. Minimum müalicə vaxtı 6-8 aydır və tam sağalan xəstəlikdir. Xəstəlik nə qədər erkən aşkar olunub tam, kompleks müalicə edilərsə, effektivliyi bir o qədər yüksək olar. Bütün dünyada, o cümlədən Azərbaycanda dərmanlaradavamlı vərəm xəstələrinin sayı artmaqdadır. Dərmanlaradavamlı vərəmin müalicəsi dərmanlara həssasa nisbətən daha uzunmüddətli, bahalı və çoxsaylı dərman müalicəsi tələb edir, təxminən 18-24 ay müddət lazım olur.

Azərbaycan vərəmlə mübarizə tədbirləri ən yaxşı təşkil edilən ölkələrdən biridir. Vərəm xəstələrinin müayinəsi və müalicəsi tam dövlət hesabınadır. Təbii ki, bu, rəsmi olaraq qeydiyyata düşən xəstələrə aiddir. Bəzi vərəm xəstələri qeydiyyata düşməkdən yayınırlar. Buna görə artıq bir neçə ildir ki, vərəm əleyhinə dərmanların apteklərdə sərbəst satışı qadağan olunub. Burada əsas məqsəd xəstələrin qeydiyyata düşməsi, yoluxucu xəstələrin hospitalizə olunması və nəticədə ətrafdakılar üçün təhlükəliliyinin aradan qaldırılmasıdır”.

“Ağciyər xəstəliklərinin yaranmasında bir çox amillərin rolu var. Xəstəliklərdən qorunmaq üçün normal qidalanma, idmanla məşğul olmaq, zərərli vərdişlərdən uzaq olmaq xüsusilə önəmlidir. Zərərli vərdişlər arasında tütünçəkməni xüsusi qeyd etmək istərdim. İstər aktiv, istərsə də passiv tütünçəkmə bütün orqanlar, xüsusilə də tənəffüs sistemi, ağciyərlər üçün zərərlidir. Siqaret tüstüsünün tərkibində yüzlərlə zərərli maddə var. Bunlardan ən zərərlisi nikotindir. Ağciyər xəstəlikləri olan şəxslərin böyük əksəriyyətini tütünçəkənlər təşkil edirlər. Hazırda dünyada və Azərbaycanda tütünçəkmə ilə mübarizə aparılır. Tənəffüs xəstəliklərinin demək olar ki, hamısının yaranmasında tütünçəkmənin rolu var. Ağciyər vərəmi olan şəxslərdə tütün məmulatlarından istifadə edənlərin böyük bir çəkisi var. Elmi araşdırmalara görə, tütünçəkmə ağciyər vərəmi olan şəxslərdə dərmanlaradavamlı vərəm mikrobakteriyaları ştamlarının yaranmasına səbəb olur. Həmçinin tənəffüs orqanlarının xərçəngi birmənalı olaraq tütünçəkənlər arasında çoxluq təşkil edir”.



REKLAM