COVID-19-a yoluxduqdan sonra yaranan yaddaş probleminin səbəbləri açıqlanıb
Koronavirusu keçirdikdən sonra yaddaş zəifliyinə, diqqətin yayınmasına rast gəlinən pasiyentlərin sayında artım var.
RBK-nın məlumatına görə, bu barədə rusiyalı nevropotoloqlar bildiriblər.
Onların sözlərinə görə, zaman və məkanda oriyentasiya problemləri, ümumiyyətlə koqnitiv funksiyaların pozulması hallarına son günlər daha tez-tez rast gəlinir.
Tibb işçiləri belə nəticələrin əsas səbəbləri arasında stress və qorxunu vurğulayıblar. İkinci səbəb kimi isə koronavirus infeksiyasının neyrotoksik fəaliyyəti (motor, sensor funksiyalarının, emosional statusun, beynin inteqrativ funksiyalarının pozulması) göstərilir.
Koronavirus səbəbindən ortaya çıxan ağciyərlə bağlı fəsadların sinir sisteminin patologiyalarına səbəb ola biləcəyi vurğulanır. Xəstənin zəifləmiş ağ ciyərləri vəzifələrini tam yerinə yetirə və beyin qabığını oksigenlə təmin edə bilmir.
Elm adamları xəstəliyin bu cür nəticələri ilə mübarizə aparmaq üçün stressdən çəkinməyi, tərkibində yüksək miqdarda B qrup vitaminləri, maqnezium və sink olan vitamin və mineral komplekslərini qəbul etməyi məsləhət görür./Oxu.az