Qıcıqlanmış bağırsaq sindromuna qadınlar arasında daha çox rast gəlinir
Yoğun bağırsağın funksional pozulması olan qıcıqlanmış bağırsaq sindromu zamanı qarında yaranan ağrı və xoşagəlməz hissiyyat defekasiya aktı, onun xarakter və tezliyinin dəyişməsi, yaxud bağırsaq boşalmasının pozulmalarının digər əlamətləri ilə təzahür edir. Xəstəlik zamanı mədə-bağırsaq traktında hər hansı bir üzvi dəyişiklik müşahidə olunmur.
Qıcıqlanmış bağırsaq sindromu həzm orqanlarının xəstəlikləri arasında ən geniş yayılmış xəstəliklərdən biridir. Xəstəliyin rastgəlmə tezliyi Avropa və Şimali Amerikanın inkişaf etmiş ölkələrində yaşlı əhali arasında 15-20 faiz təşkil edir. Qastroentereloqlara edilən müraciətlərin təqribən yarısı qıcıqlanmış bağırsaq sindromunun simptomları ilə əlaqəli olur. Eyni zamanda, qeyd etmək lazımdır ki, qıcıqlanmış bağırsaq sindromu olan xəstələrin üçdəbirindən azı həkimə müraciət edir, qalanları öz-özünü müalicəyə üstünlük verirlər. Xəstəlik daha çox 25-40 yaş arasında təzahür edir. Xəstəliyə kişilərə nisbətən qadınlar arasında daha tez-tez rast gəlinir.
Qıcıqlanmış bağırsaq sindromu Azərbaycanda da bağırsaq xəstəlikləri arasında ən çox rast gəlinən xəstəlikdir.
Bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Aftandil Verdiyev AZƏRTAC-a müsahibəsində məlumat verib.
“Qıcıqlanmış bağırsaq sindromuna nazoloji forma kimi baxılmasına baxmayaraq, onun etiologiya və patofiziologiyası hələ tam öyrənilməyib. Xəstəliyin formalaşmasının patogenetik mexanizmləri arasında sensor-hərəki funksiyalara xüsusi diqqət yetirilir ki, bunun da əsasında visseral hiperhəssaslığın dəyişməsi durur.
İndiyə qədər qıcıqlanmış bağırsaq sindromu üçün hər hansı bir spesifik biokimyəvi, morfoloji, yaxud radioloji diaqnostik test yoxdur. Ona görə də diaqnoz birbaşa klinik simptomların dəyərləndirilməsinə əsaslanır.
Xəstəliyin klinikasında aparıcı əlamət ağrı sindromudur. Ona qıcıqlanmış bağırsaq sindromu olan xəstələrin 85-90 faizində rast gəlinir. Ağrılar küt, sızıldayıcı, kəskin, batıcı və tutmaşəkilli ola bilər. Daha çox rast gəlinən digər əlamətlərə meteorizm, qəbizlik, ishal və onların növbələşməsi aiddir. Qarında ağrıların və ishalın gecələr müşahidə olunmaması qıcıqlanmış bağırsaq sindromu üçün səciyyəvidir. Xəstəliyin diaqnostikasında aparılan laborator, yəni qanın, nəcisin analizi və instrumental müayinələr - kolonoskopiya, irriqoskopiya, ultrasəs müayinə mədə-bağırsaq traktının çoxsaylı üzvi xəstəliklərinin olub-olmamasını aşkarlamaq məqsədi daşıyır”, - deyə mütəxəssis bildirib.
Həkim-terapevtin sözlərinə görə, qıcıqlanmış bağırsaq sindromu olan xəstələrin müalicəsi xəstələrin psixososial uyğunlaşması, fərdi pəhriz tənzimlənməsi və qarında ağrı, qəbizlik, ishal kimi bağırsaq sindromlarının, həmçinin əqli və vegetativ pozulmaların aradan qaldırılmasına istiqamətlənmiş dərman müalicəsinin seçimini və digər ümumi tədbirləri əhatə edir: "Qıcıqlanmış bağırsaq sindromu xroniki residivləşən xəstəlik olub, çox vaxt psixoemosional stress nəticəsində kəskinləşir. Müalicə yalnız 30 faiz hallarda effektiv olur, 10 faiz hallarda isə davamlı remissiya alınır. Qıcıqlanmış bağırsaq sindromu olan bütün xəstələrdə həyatla bağlı proqnoz olduqca əlverişlidir. Hətta uzun müddət aparılan müalicə fonunda üzvi xəstəliklərin yaranma riski artmır”.