sehiyye.info

Gündəlik yoluxma sayı azalsa da, arxayınlaşmaq olmaz

Gündəlik yoluxma sayı azalsa da, arxayınlaşmaq olmaz
Bəşəriyyətin bəlasına çevrilən yeni növ koronavirus infeksiyasının (COVID-19) necə təhlükəli olması hər birimizə məlumdur. Onun sürətlə yayılması, çox insanı yoluxdurması, vəfat edənlərin sayının çoxluğu bunu açıq-aydın göstərir. Xüsusi karantin rejimi yumşaldılandan sonra rəqəmlərin kəskin surətdə artması, gündəlik 500-dən çox yoluxma faktının aşkarlanması müəyyən ərazilərdə yenidən sərt karantin rejiminin tətbiqini zəruri etdi. Koronavirusun yoluxma zəncirinin qırılmasında sosial təcridin rolu böyükdür. Virusun inkubasiya dövrünü nəzərə alaraq demək olar ki, iyunun 21-dən tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi öz müsbət nəticəsini verir: yoluxanların sayı 400-dən aşağıdır, sağalanların sayı yoluxanların sayını üstələyir. Təbii ki, burada vətəndaşların da danılmaz rolu var. Artıq virusa inanmayan vətəndaşların sayı xeyli azalıb. Marketlərdə, ictimai nəqliyyatda maskadan istifadə edənlərin sayı kifayət qədərdir. Müsbət dinamika vətəndaşlarla dövlətin birgə mübarizəsinin nəticəsində əldə edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova məlumat verib.

Nevropatoloq, həmçinin deyib: “Bu mübarizəni sonacan aparmalı, xüsusi karantin rejiminin qaydalarına bundan sonra da əməl etməliyik. Hazırda yoluxma sayı azalsa və sərt karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq olmaz. Əks halda, çəkilən əziyyət hədər ola, yoluxma sayı yenidən arta bilər. Vətəndaşlara bir daha müraciət edərək bildirmək istəyirəm ki, kütləvi toplanmasınlar, ehtiyac olmadıqca çölə çıxmasınlar, insanların sıx olduğu yerlərdə maskadan istifadə etsinlər, gigiyena qaydalarını gözləsinlər. Hər birimiz bu bəlanın tezliklə bitməsini, aylarla ailə üzvlərinin üzünü görməyən həkimlərin öz ailələrinə qovuşmasını, əvvəlki həyat tərzinə qayıtmağı arzulayırıq. Arzularımızı gerçəyə çevirmək üçün bir yol var: birlikdə “savaşmaq” və bu müharibədən qalib ayrılmaq...”.



REKLAM