sehiyye.info

Azərbaycanda koronavirusa yoluxma niyə sürətlə artır? - DÖRD SƏBƏB

Azərbaycanda koronavirusa yoluxma niyə sürətlə artır? - DÖRD SƏBƏB
Azərbaycanda koronavirusa yoluxanların sayı artan templə davam edir. İlk günlərdə bir rəqəmli olan artım, sonrakı günlərdə iki rəqəmliyə keçdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı rəsmi məlumata görə, aprelin 4-də, cəmi bir gün ərzində 78 yeni yoluxma faktı qeydə alınıb. Bu, 24 saat ərzində ən yüksək artım tempidir. İndiyə qədər 521 yoluxma faktı qeydə alınıb, xəstələrdən 32 nəfəri sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Əvvəlki günlərlə müqayisədə yoluxma halının artması bunun səbəbləri haqda suallar yaradır.

İlk yoluxma halları niyə az idi?
Yoluxma faktı niyə sürətlə çoxaldı?

Bunun subyektiv və obyektiv səbəbləri var.

Subyektiv səbəb birbaşa vətəndaşlarla bağlıdır. Fevralın 28-də ilk yoluxma faktı qeydə alınanda hökumət vətəndaşlara tövsiyə xarakterli çağırışlar etdi. Lakin vətəndaşların virusu ciddiyə almaması, hətta əvvəlcə tətbiq olunan karantin rejimi, daha sonra xüsusi karantin rejiminə də laqeyd münasibəti yoluxma faklarının artmasına gətirib çıxardı.

Obyektiv səbəblərsə birdən çoxdur.

Birincisi, test sayı ilə bağlıdır. İlk dövrdə yoluxma faktları qeydə alınanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşklilatından məhdud sayda testlər alırdı. Mövcud imkanlar daxilində aparılan bu müayinələr yoluxma hallarının hamısını əhatə etmirdi. Virusun ilkin simptonlarının zökəmə bənzəməsi də vətəndaşların bunu adi qarşılamasına səbəb olurdu. Daha sonra hökumət daha çox test almağa və müayinələrin sayını artırmağa başladı, nəticədə yeni yoluxma faktları aşkarlandı.

İlk vaxtlarda gün ərzində cəmi 200-300 test keçirilirdisə, indi bu say minlərlərdir. İndiyə qədər 35000-dən artıq test keçirilib. Bu o deməkdir ki, yoluxma hallarını müəyyən etmək üçün imkanlar artdıqca, sayın çoxalması qaçılmaz oldu.

İkincisi, koronavirusun orqanizmdə özünü göstərməsi müddətidir. Virusun inkubasiya dövrü uzunmüddətlidir, hətta xəstəliyin üzə çıxması 28 günə qədər çəkə bilər. Belə ki, ilk günlər xəstəliyi orqanizmdə hiss etməyən insan bir müddət sonra simptomlarla qarşılaşa bilir. Azərbaycanda yoluxma halının sonradan artmasında bu da başlıca amillərdən biridir.

Üçüncüsü, xaricdən gələn və krantinə yerləşdirilən şəxslərdə virusun sonradan aşkarlanmasıdır. Tibbi araşdırmalar göstərir ki, birinci testdən keçən zaman yoluxma faktı qeydə alınmayan insanda ikinci test zamanı virus aşkarlana bilər. Bu baxımdan, dünyanın digər ölkələri kimi Azərbaycan da yoluxma şübhəsi olan vətəndaşlar üzərində ən azı iki mərhələdə test keçirir. Məlumatlara görə, son bir həftədə keçirilən təkrar testlər zamanı xaricdən gələn və karantində saxlanılanlar arasında çoxsaylı yoluxma faktı aşkarlanıb.

Dördüncüsü, ölkə daxilində yayılma faktlarının artmasıdır. İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdısa, sonradan ölkə daxilində insanların bir-birinə yoluxdurması halları qeydə alındı. Vətəndaşların virusu ciddiyyə almaması, karantin qaydalarını pozmağa cəhd etməsi daxildə yoluxma hallarının artması ilə nəticələndi.

Bu dörd səbəb yoluxma hallarının niyə indi çoxalmasını anlamağa imkan verir.

Digər ölkələrdə baş verənlər də bu kontekstdə maraqlıdır. Misal üçün, Ümumdünya Səhiyyə Təşkilatının aprelin 4-nə olan məlumatında Ermənistanda 736 yoluxma, 7 ölüm faktının qeydə alındığı bildirilir. Halbuki, Ermənistanda Azərbaycanla müqayisədə 5 dəfə az, cəmi 7994 test keçirilib. Bu fakt virusun hər ölkədə, yaxud regionda spesifik formada üzə çıxdığı və təsirlərinin də fərqli olduğunu göstərir. Gürcüstanda 156 yoluxma faktının qeydə alınması, ölüm halının isə olmaması da bunu deməyə əsas verir.

Qərb yarımkürəsində virusun təsirlərini araşdıranda fərqli mənzərə ortaya çıxır. Bu gün Avropa koronavirusun tüğyan etdiyi əsas məkana çevrlib. Halbuki, İtaliya və İspaniyada yoluxma və ölüm faktları artan xətt üzrə inkişaf edəndə digər ölkələrdə sakitlik hökm sürürdü. Almaniyada gündəlik həyat davam edir, Böyük Britaniya virus haqda ümumiyyətlə, düşünmür, eləcə də digər ölkələr prosesi kənardan izləyirdi. Sonra nə oldu?

Şərqdən Qərbə, Cənubdan Şimala doğru Avropanın bütün ölkələri pandemiyanın hədəfinə çevrildi.

İspaniyada 124736 yoluxma, 11744 ölüm, İtaliyada 124632 yoluxma, 15362 ölüm, Almaniyada 92150 yoluxma, 208 ölüm, Fransada 83031 yoluxma, 6507 ölüm, Böyük Britaniyada 42441 yoluxma, 4313 ölüm faktı qeydə alınıb. Bunlar Avropanın ən çox yoluxma və ölüm faktı qeydə alınan ölkələridir, digər ölkələrdə yoluxma sayı 1000 – 20000 arasında dəyişir.

ABŞ-da baş verənlər isə koronavirusun yayılması sürəti haqda tamam fərqli mənzərə yaradır. Virus Avropada yayılmağa başlayanda ABŞ bundan çox uzaq görünürdü. Lakin yoluxma və ölüm halları Avropa ilə müqayisədə gec qeydə alınsa da, olduqca sürətli oldu. Martın 20-dən etibarən bu ölkə pandemiyanın əsarətinə çevrildi: 290606 yoluxma, 5 mindən çox ölüm faktı.

Bu faktlar pandemiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsinin hər bir ölkə, yaxud region üçün spesifik olduğunu təsdiqləyir.



REKLAM