Toylarla bağlı — MÜHÜM AÇIQLAMA
yulun 20-dən etibarən Gürcüstanda toy, yas və digər kütləvi məclislərin keçirilməsinə icazə verilib. Qaydalara əsasən toy məclisləri açıq havada təşkil edilməli və hökumətin qoyacağı yeni qaydalara əməl edilməlidir. Tələblərdən biri də odur ki, məclislərdə qonaq sayı 100 nəfərdən çox olmamalıdır.
Qeyd edək ki, bundan əvvəl Türkiyə və Rusiyada toyların keçirilməsinə icazə verilmişdi. Türkiyədə toy salonları iyulun 1-dən açılıb. Qaydalara əsasən, toy etmək istəyənlər daha çox açıq havada məclis təşkil etməyə üstünlük verməlidir. Yoluxma riskini azaltmaq üçün toylar qısa keçirilir, salonların girişinə, masalara spirt yerləşdirilir. Həmçinin stollar arasında məsafə ən azı 1,5 metr olmalı, qarşılama, yola salma və hədiyyə vermə zamanı qucaqlaşma olmamalıdır. Birlikdə şəkillər çəkdirmək də qadağandır.
Azərbaycanda isə təxminən 5 aydan çoxdur ki, toy mərasimləri keçirilmir. Dəfələrlə bu barədə müzakirələr aparılsa da, məsələ hələ də öz həllini tapmayıb. Bəzi ekspertlər qeyd edir ki, toy mərasimlərinin bərpa olunmaması bir çox sahələrə təsir göstərdiyi kimi demoqrafik məsələyə də təsirsiz ötüşməyəcək.
Sehiyye.info xəbər verir ki, mövzu ilə bağlı tibb elmləri namizədi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a danışıb: “Prezident ölkədə pandemiya başlayanda bir söz dedi: ”Bizim üçün Azərbaycan vətəndaşının sağlamlığı hər şeydən önəmlidir”. Beləliklə, qarşıda duran ən önəmli məsələ vətəndaşlarımızın sağlamlığıdır. Bunun üçün də çalışmalıyıq ki, pandemiyanı tam nəzarət altına alaq, lazımi tədbirlər görək.
Çox təəssüflər olsun ki, may ayından başlayaraq ölkədə virusa yoluxanların sayı artmağa başladı. Hətta günlərlə yoluxanların sayı 500 nəfərdən yuxarı oldu. Təbii ki, belə bir zamanda insanların kütləvi şəkildə bir yerə toplanması təhlükəlidir.
Məlum məsələdir ki, toy və yaslarda nə sosial məsafə gözləmək, qaydalara əməl etmək, nə də bütün bu məsələlərə nəzarət etmək mümkündür. Azərbaycanda insanların kütləvi toplaşdığı yerlər də əsasən toy məclisləri, qapalı məkanlardır.
Doğrudur, biz başa düşürük ki, insanların arzusu var ki, övladına toy etsin, yaxın adamları, dostları bu məclisdə iştirak etsin, onun sevincini bölüşsünlər və sairə.
Amma pandemiyanın şərtləri fərqlidir. Ona görə də toy mərasimlərinin, həmçinin 10-dan çox insanın bir yerə toplaşdığı məclislərin qadağan olunmasının, həmçinin yas mərasimlərinin çox az sayda insanın iştirakı ilə keçirilməsinin doğru qərar olduğunu hesab edirəm”.
Musa Quliyev qeyd etdi ki, bu qaydalar heç də insanların evlənməsinin qarşısına sədd çəkmir: “İnsanlar karantin qaydalarını pozmadan evlənə bilərlər və biz bunu təcrübədən də gördük. Məlum olduğu kimi, bu ərəfədə yalnız ailə şənliyi ilə keçirməklə və yaxud sadəcə, nikah kəsdirməklə evlənənlər oldu.
Beləliklə, bundan əvvəl ən azı 400-500 nəfərin toplaşdığı toy mərasimləri indiki dövr üçün real deyil. Ümumiyyətlə, biz bu adətdən imtina etməli, gələcəkdə də daha sadə və az insanın iştirakı ilə mərasimlər keçirməyi düşünməliyik.
Bəli, Gürcüstanda artıq toy və digər mərasimlərin keçirilməsi artıq bərpa olunub. Lakin Azərbaycanla müqayisədə Gürcüstanda situasiyalar fərqlidir. Bildiyiniz kimi, orada virusa yoluxanların sayı az oldu. Həmçinin Gürcüstanda bir müddət xeyli sərt karantin rejimi tətbiq edildi, daha sonra isə pandemiyanın başa çatdığını elan etdilər.
Ümumiyyətlə, şahidi olduq ki, koronavirus pandemiyası hər ölkədə özünü fərqli nümayiş etdirdi”.
Musa Quliyevin sözlərinə görə, Azərbaycanda pandemiya avqust ayında səngiyə bilər: “Bununla belə, toy, yas mərasimlərinin, eləcə də kütləvi tədbirlərin yalnız müəyyən şərtlər daxilində keçirilməsinə icazə verilməlidir. Çünki pandemiyanın bitməsi virusun tamamilə sıradan çıxması demək deyil. Buna görə də kütləvi tədbirlərdə, o cümlədən toylarda yoluxma halları baş verə bilər. Təsəvvür edin, toyda bir nəfərdə koronaviris olarsa, onlarla insanın yoluxma riski var.
Beləliklə, aidiyyəti orqanlar qadağalar tətbiq edəndə bunu heç də öz xoşlarından etmirlər. Biz bilirik ki, karantin rejimi qadağalarının həm iqtisadi, həm mənəvi, psixoloji tərəfləri də var. Lakin zərurət budur ki, virusun yayılmaması üçün bütün tədbirlər həyata keçirilsin, o cümlədən toy məclisləri hələlik qadağan olunsun. Lakin indi yay vaxtıdır. Ola bilər ki, qarşıda açıq havada, az insanların iştirakı ilə keçirilən toy məclislərinə icazə verilsin. Bunun üçün Operativ Qərargahın qərarlarını gözləməliyik”.