sehiyye.info

Gəray Gəraybəyli: Azərbaycanlı həkimlər İkinci Dünya müharibəsində həyat xilas etməklə yanaşı, döyüşüblər

Gəray Gəraybəyli: Azərbaycanlı həkimlər İkinci Dünya müharibəsində həyat xilas etməklə yanaşı, döyüşüblər
İkinci Dünya savaşında əsgərlərlə yanaşı, tibb işçiləri də qəhrəmanlıq nümayiş etdiriblər. Faşizm üzərində qələbədən danışarkən həkimlərin göstərdiyi fədakarlığı da unutmaq olmaz.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Dağıstan Dövlət Tibb Universitetinin “Böyük Vətən müharibəsi illərində tibb işçilərinin rolu” mövzusunda təşkil etdiyi beynəlxalq onlayn konfransda səsləndirilib.

Onlayn konfransda iştirak edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli İkinci Dünya müharibəsi illərində Azərbaycan həkimlərinin fəaliyyətindən, onların şücaətindən danışıb. Qeyd edib ki, müharibə illərində 700 mindən çox azərbaycanlı cəbhəyə yollanıb. Onların yarıdan çoxu geri qayıtmayıb. Müharibə bütün təbəqələrə, o cümlədən tibb işçilərinə də təsir edib. Müharibə dövrlərində elə bir həlledici döyüş olmayıb ki, orada azərbaycanlı əsgər və həkimlər iştirak etməsinlər: “Məsələn, həkim Qədirov Brest qalasının mühafizəsində, feldşer Kərimov Rostovun müdafiəsində, tibb xidməti mayoru Sadıqov Moskva uğrunda, “partizan həkim” adını alan Rüstəmbəyov isə Smolensk vilayətində döyüşlərdə iştirak edib. Bu siyahını çox uzatmaq olar. Onlar yalnız əsgərlərə tibbi yardım göstərmir, cəbhədə düyüşürdülər”.

G.Gəraybəyli konfrans zamanı deyib ki, İkinci Dünya savaşı zamanı Azərbaycan sanki arxa cəbhədəki böyük xəstəxana zonasına çevrilmişdi. Ölkəmizə minlərlə yaralılar gətirilmişdi. İkinci Dünya müharibəsi illərində Azərbaycanın səhiyyə orqanlarının, müəssisələrinin, həmçinin ali və orta məktəblərinin, elmi-tədqiqat müəssisələrinin işi yenidən qurulub və hər şey cəbhənin tələbatını ödəməyə yönəldilib. İxtisaslaşdırılmış hospitalların fəaliyyətində yüksək göstəricilərin əldə edilməsində azərbaycanlı alimlərin böyük rolu olub. Onlardan M.Topçubaşov, M.Mirqasımov, İ.Şirokoqorov, Ü.Musabəyova və başqaları xüsusilə fərqləniblər: “Həmin dövrdə bu xəstəxanalarda baş cərrah işləyən Mustafa Topçubaşov minlərlə insanın həyatını xilas edib. Bu illərdə Bakıdakı klinikalarda tibbi personala böyük ehtiyac yaranmışdı, çünki mövcud həkimlərin əksər hissəsi cəbhə xəttində idi. Məhz bu dövrdə xəstəxanalarda Azərbaycan Tibb Universitetinin, o dövrdə Azərbaycan Tibb İnstitutu adlandırılan ali məktəbimizin tələbələri müalicə işinə qoşulublar”.

Rektor qeyd edib ki, Tibb İnstitutunun professorları, dosentləri döyüşən orduda, həmçinin hospitallarda baş mütəxəssis kimi işləyiblər. Ağır müharibə illərində mərkəzi və periferik sinir sisteminin travmatik zədələnmələrində, döş qəfəsinin zədələnmələrində və s. hallarda Azərbaycan alimlərinin təklif etdiyi cərrahi metodlar tətbiq edilib.

O, Azərbaycan Tibb Universitetinin təşəkkül tapıb inkişaf etdirilməsində milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, professor Əziz Əliyevin xüsusi rol oynadığını xatırladıb. G.Gəraybəyli görkəmli tibb işçisinin müharibə illərindəki uğurlu fəaliyyətindən də söz açıb. Gəray Gəraybəyli Əziz Əliyevin Dağıstandakı fəaliyyətindən də söz açıb: “O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb və bu vəzifələrdə də özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. Dağıstanda işləyərkən Dağıstan ictimaiyyəti Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlayır. Həmin medalyon hal-hazırda Azərbaycanın Tarix Muzeyində saxlanılır. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilib”.

Rektor çıxışının sonunda bəşəriyyət tarixində ən böyük savaşlardan olan İkinci Dünya müharibəsinin bütün SSRİ xalqları üçün, o cümlədən də Azərbaycanın tibb işçiləri üçün böyük sınaq olduğunu vurğulayıb. Onların qəhrəmanlığı, döyüş meydanında nümayiş etdirdiyi fədakarlıq layiqincə qiymətləndirilib. Azərbaycanın 3 hərbi tibb işçisi Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb, yüzlərlə səhiyyə işçisi müxtəlif orden və medallarla təltif olunub.

Onlayn konfransda Dağıstan Dövlət Tibb Universitetinin rektoru, professor Süleyman Mammayev müharibə illərində tibb elminin əhəmiyyəti, Əndican Dövlət Tibb İnstitutunun rektoru Madamin Madazimov isə özbək həkimlərinin faşizm üzərində qələbəyə verdiyi töhfədən danışıb. Qazaxıstan-Rusiya Tibb Universitetinin təmsilçisi, akademik Muxtar Tinasilov isə İkinci Dünya müharibəsində səhiyyənin təşkilinin effektivliyindən söz açıb. Onlayn konfrans iştirakçıları İkinci Dünya müharibəsi illərində qəhrəmanlıq göstərən, həlak olan insanların, o cümlədən tibb işçilərinin xatirəsinin yaddaşlarda qalacağını bildiriblər.



REKLAM