Hər yerdə COVID-19 testlərində qüsurlar üzə çıxdı - Bizdə vəziyyət necədir?
“Ölkəmizə koronavirusu təyin edən testlər Almaniyanın “Qiagen” şirkətindən alınır və gətirilir. Bu testlər çox keyfiyyətli testlərdir. Azərbaycan Çindən test almır”
Koronavirusun yoxlanılması üçün istifadə edilən testlər hazırda dünyanın COVID-19-la mübarizədə əsas müayinə metodu olsa da, bu testlərin saxta çıxması narahatlıqlara səbəb olub.
Məsələn, Hindistan Çindən yarım milyona yaxın test sifariş edib. İlk partiya testlər normal olsa da, sonra göndərilən testlərlə bağlı narazılıq yaranıb. Belə ki, Çindən gətirilən koronavirus testlərini çoxu xarab çıxıb. Bunu Hindistanın Tibbi Araşdırmalar üzrə Federal Xidməti bildirib. Hökumətə müraciət edən qurum bu testlərin doğru olmayan nəticə göstərdiyini qeyd edib. Ölkənin müxtəlif bölgələrindən bu testlərlə bağlı neqativ məlumatlar daxil olub. Söhbət iki Çin firmasının məhsulu olan “Guangzhou Wondfo Biotech” və “Zhuhai Livzon Diagnostics” şirkətlərindən gedir. Hökumətə həmin şirkətlərin istehsalı olan testlərdən istifadə olunmaması və geri göndərilməsi məsləhət görülüb.
Qeyd edək ki, bir çox ölkələr Çindən koronavirusu təyin edən test alıb. Həmin ölkələr sırasında qardaş ölkə Türkiyə də var. İlkin etapda Türkiyə Çindən koronavirusu 15 dəqiqə ərzində təyin edən 2 milyon test alıb. Ümumilikdə Çindən Türkiyəyə hissə-hissə 2 milyon test gətirilir. Bir müddət öncə Çinin Azərbaycana da 5 000 koronavirus test dəsti hədiyyə etdiyi elan olunmuşdu.
Bəs görəsən, Azərbaycanda koronovirusun müəyyən edilməsi üçün istifadə edilən testlərin keyfiyyət göstəriciləri necədir? Azərbaycan Çinin məhsulu keyfiyyətsiz çıxan şirkətlərindən tes alırmı?
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın Çindən koronavirusu təyin edən test almır. Onun sözlərinə görə, ölkəmizə gətirilən testlər Almaniya istehsalıdır: “ Ölkəmizə koronavirusu təyin edən testlər Almaniyanın “Qiagen” şirkətindən alınır və gətirilir. Bu testlər çox keyfiyyətli testlərdir. Azərbaycan Çindən test almır. Almaniyadan alınan testlərin keyfiyyəti ilə bağlı problem yaranmayıb”.
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronovirusun aşkarlanması üçün istifadə edilən testlərdə xətaların baş verməsi mümkündür: “Bu testlərdə yolverilən xəta ola bilər. Sadəcə biz çalışmalıyıq ki, yolverilən xətası az olan testlərdən istifadə edilsin. Onu da qeyd edim ki, götürülən yaxmanın az və çoxluğu da testin dəqiq çıxmasına təsir edir”.
C. İsayev deyir ki, koronavirusun aşkarlanmasında sereoloji müayinə üsulundan da istifadə edilə bilər. Amma C. İsayev hazırda sereoloji müayinə üsulundan istifadə edilmədiyini bildirib. Baş infeksionist bildirir ki, neqativ çıxan test sonra pozitiv çıxa bilər. Amma pozitiv çıxan testin nəticəsi neqativ çıxa bilməz.
C. İsayev deyir ki, COVID-19 xəstəlik halı müşahidə olunanlarda tənəffüs yolu nümunələri virus Polimerazalı Zəncirvari Reaksiyası (PZR) metodu ilə araşdırılmalıdır: “Əgər lazım olarsa, nümunələr digər tənəffüs yolu xəstəlik törədici faktorları baxımından da araşdırılmalıdır. Xəstədə digər tənəffüs yolu patogenləri aşkar olunsa da, koinfeksiyaların ola biləcəyini nəzərə alaraq COVID-19 mümkün yoluxma hallarına uyğun bütün xəstə nümunələri COVID-19 üçün yoxlanılmalıdır”.