Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır
Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsasən, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir. Mütəxəssislər bu xəstəliyin sürətlə və geniş yayıldığını nəzərə alaraq, COVID-19-la bağlı testlərin keçirilməsinə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edirlər. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək və onların kontaktda olduğu şəxsləri müəyyənləşdirmək mümkündür.
Hazırda Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verilib.
Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar, həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.
Aprelin 7-nə olan məlumata əsasən, ölkədə COVID-19-la bağlı 53 min 300 müayinə həyata keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Bu rəqəm müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və bir çox Avropa ölkələrini qabaqladığını göstərir.
Müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risk qrupları-yaşlılar, immunosupresiv xəstələr arasında COVID-19 infeksiyasının yayılmasının qarşısının vaxtında alınmasında mühüm rol oynayır. Hazırda ölkədə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Bu da onu deməyə əsas verir ki, qısa zaman ərzində müayinə dinamikasının artması müşahidə ediləcək. Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir.