sehiyye.info

Sayıq olun: koronavirusdan da qorxulu bəla hər an sizi tapa bilər

Sayıq olun: koronavirusdan da qorxulu bəla hər an sizi tapa bilər
"Sizin fayda görəcəyinizi düşünərək aldığınız dərman və ya maska səhhətinizə ağlınıza gəlməyəcək dərəcədə ağır zərbə vura bilər. Məsələn, aldığınız dərmanlar sizin qaraciyərinizi sıradan çıxara bilər"
Məlum olduğu kimi, koronavirus xəstəliyinin müalicəsi, vaksini hələ müəyyən edilməyib. Amma buna baxmayaraq, son zamanlar bəzi işbazlar sosial şəbəkələrdə koronavirusa qarşı müxtəlif dərmanların reklamı və satışı ilə məşğul olurlar.

Bəzi sosial şəbəkə istifadəçiləri də bu işbazların qurbanına çevrilirlər. Sosial şəbəkələri bütünlüklə nəzarət altına almaq mümkün olmadığı üçün mütəxəssislər vətəndaşları ayıq-sayıq olmağa və belə işbazların qurbanı olmamağa çağırırlar.

Sosial şəbəkələr üzrə mütəxəssis Emil Gözəlov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə koronavirusa qarşı qoruyan maskaların, dərman preparatlarının reklamı artıq bir aydır ki, başlayıb. Və müşahidələrə görə, vətəndaşlar özləri bilərəkdən bu işbazların qurbanına çevrilməyi seçirlər.

"Bir aya yaxındır ki, sosial şəbəkələrdə, "WhatsApp" qruplarında müxtəlif "koronavirus əleyhinə" olan dərmanların reklamları yayılır. Vətəndaşlar da isterikaya qapılıb, belə dərmanların reklamlarını bir-birinə göndərir və reklamını aparırlar. Mütəxəssislərin də qeyd etdiyi kimi, koronavirusun müalicəsi üçün konkret dərman preparatları yoxdur. Odur ki, vətəndaşlarımız diqqətli olmalıdırlar", - deyə ekspert əlavə edib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə belə preparatların reklamı və satılması sırf mənfəət əldə etməyə hesablanıb. Və belə preparatların vətəndaşların sağlamlığına heç bir təsiri yoxdur.

E.Gözəlov vurğulayıb ki, belə dərman reklamları çox zaman xarici ölkələrdən sosial şəbəkələrə verilir. Yəni Azərbaycanda olmadığı üçün qarşısını almaq mümkün deyil.



O əlavə edib ki, Azərbaycanda olan bəzi vətəndaşlar belə dərman şirkətləri ilə əməkdaşlıq edir və vəziyyətdən sui-istifadəyə çalışırlar. "Vətəndaşlar sosial şəbəkə üzərindən maska, dərman preparatları sifariş etməsinlər. Unutmasınlar ki, hər şey reklamlarda təqdim edildiyi kimi deyil. Yəni sizin fayda görəcəyinizi düşünərək aldığınız dərman və ya maska səhhətinizə ağlınıza gəlməyəcək dərəcədə ağır zərbə vura bilər. Məsələn, aldığınız dərmanlar sizin qaraciyərinizi sıradan çıxara bilər. Və ya internet üzərindən sifariş etdiyiniz maska ilə sizə başqa bir xəstəlik yoluxdura bilərlər. Ən yaxşısı, tibb ekspertlərini dinləyin və xəstəliklərdən təbii yolla sağalmağa, təbii yolla qorunmağa üstünlük verin", - deyə o vurğulayıb.

Xatırladaq ki, COVID-19 koronavirus ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yayılıb. ÜST-ün məlumatına görə, bu günə qədər xəstəliyə 95333 nəfər yoluxub, 3282 nəfər dünyasını dəyişib və 53707 adam sağalıb.

Qeyd edək ki, virus artıq dünyanın 80 ölkəsində müşahidə edilib.

Tibb eskpertləri hesab edirlər ki, koronavirusa qarşı hələ vaksin müəyyən edilməyib.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusun müalicəsi üçün heç bir dərman preparatı yoxdur.

Vətəndaşlar özlərində xəstəliyin əlamətlərini hiss etdikləri zamanı həkimə müraciət etməlidirlər.

İnfeksionist həmçinin əlavə edib ki, vətəndaşlar belə saxta reklamlara inanmamalıdırlar.




REKLAM