sehiyye.info

Sosial şəbəkələrdə dərman reklamı - Gözümüzü deşən təhlükə

Sosial şəbəkələrdə dərman reklamı - Gözümüzü deşən təhlükə
Musa Quliyev: "Ona görə də, düşünürəm ki, həkim resepti əsasında yazılan dərmanların reklamı sosial şəbəkələrdə də tənzimlənməlidir"

Azərbaycanda həkim resepti ilə yazılan dərman preparatlarının reklamı qadağan olunsa da, sosial şəbəkələrdə buna məhəl qoyan yoxdur. Bu gün Azərbaycanda "Facebook" və "Instagram" kimi populyar olan sosial şəbəkələrdə dərmanların açıq-aşkar reklamı aparılır.

Ən təhlükəlisi isə bu dərman preparatları arasında uşaqlar üçün boy artıran dərmanların reklam edilməsidir.


Qeyd edək ki, reseptlə yazılan dərman preparatlarının həkim məsləhəti olmadan istifadə edilməsi çox ciddi fəsadlara yol açır. Hətta bu cür dərmanların kortəbii istifadəsi ölümə belə yol açır. Amma sosial şəbəkələrdə dərman preparatlarının reklamının şərh bölümündə valideynlərin aktivlik nümayiş etdirməsi, bu dərmanlardan kortəbii istifadə hallarının olduğunu təsdiqləyir. Hətta bəzi valideynlər uşaqlarda boy artımına kömək edən dərman preparatlarının hansı yaş həddində, hansı dozada verilməsi barədə məsləhətləşmələr də aparırlar.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bunun çox ciddi problem olduğunu söyləyir. O bildirib ki, dərman vasitələrinin reklamı ilə bağlı məsələ "Reklam haqqında" qanunda qeyd edilib. Amma həmin qanunda sosial şəbəkələr öz əksini tapmayıb: "İndi dövr elə gətirib ki, insanlar sosial şəbəkədən geniş istifadə edirlər. Ona görə də, düşünürəm ki, həkim resepti əsasında yazılan dərmanların reklamı sosial şəbəkələrdə də tənzimlənməlidir".
Sosial şəbəkələrdə dərman reklamı - Gözümüzü deşən təhlükə
M.Quliyev bildirir ki, hazırda "Reklam haqqında" qanunda həkim resepti əsasında yazılan dərman preparatlarının reklamı qadağandır: "Həmçinin qanunvericilik qida əlavələrinin də dərman kimi reklam edilməsini qadağan edir. Ona görə də, əgər sosial şəbəkələrdə dərman preparatları geninə-boluna reklam edilirsə, deməli burada da dərman preparatlarının reklamının tənzimlənməsinin vaxtı çatıb. Buna mütləq mənada qadağa olmalıdır".

Deputat bildirir ki, vəziyyət təhlükə yaradacaq həddə çatmamış bir tədbir görmək lazımdır.

Mədə dərmanı, üz üçün maska və daha nələr... Bakıda “ən şirin yarmarka” keçirilir
Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev də sosial şəbəkələrdə dərman preparatlarının reklamınının yolverilməz olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, dərmanların kütləvi informasiya vasitələrində (KİV) reklamı qadağandır: "Bəzi hallarda ilkin tibbi yardımla bağlı hansısa hərarət salıcı dərman barədə təbliğat və maarifləndirmə tədbiri aparıla bilər. Amma spesifik dərman preparatlarının sosial şəbəkələrdə nəzarətsiz reklamı xoşagəlməz haldır. Hər kəs bilməlidir ki, dərmanın xeyiri olduğu kimi, zərəri də var. Güclü təsirə malik dərman preparatlarının reklamı qəti yolverilməzdir. Bu gün boy uzatmaq üçün dərman vasitələrinin də həkim təyinatı olmadan istifadəsi daha təhlükəlidir. Valideyn nəzərə almalıdır ki, uşaqda boy genetik amillə bağlı olur. Boy artımı ilə bağlı dərmanlar bəzən elə nəticələr verir ki, insanlar həyatı boyu ondan xilas ola bilmirlər. Bu preparatları tibbi göstəriş olmadan yersiz istifadə etdikdə insan bədənində proporsionallıq pozulur. Tutaq ki, bədənin bir əzası qalır yerində, digəri, məsələn qulağı böyüyür. Yaxud da başın, əlin böyüməsi kimi hallar müşahidə olunur. Hər kəs bilməlidir ki, bu cür məsuliyyətsiz reklamlardan uzaq durmalıdır. Bu işləri biz qəti şəkildə pisləyirik. Dövlətin qanunları ilə dərmanların sosial şəbəkələrdə də tənzimlənməsi gecikməməlidir. Dərman yerində tətbiq olunanda xeyri var, amma yerində tətbiq olunmadıqda zəhərdir".

Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb elmləri namizədi, pediatr-endokrinoloq Gündüz Əhmədov da tərkibində samatatropin hormonu olan dərman preparatlarının kortəbii istifadəsinin boy artımı üçün yolverilməz olduğunu deyir. Həmsöhbətimiz deyir ki, bəzən müxtəlif qida əlavələrini boy artımı dərmanı adı altında reklam edirlər. Amma valideynlər bilməlidirlər ki, həb şəklində yaxud da şərbət halında heç bir dərmanda hormon yoxdur. Bu ancaq inyeksiya yolu ilə təyin edilən dərman preparatlarındadır. Ona görə də, valideynlərin bu cür reklamlara inanıb övladına qida əlavəsi və yaxud hansısa dərmanı verməsi düzgün deyil: "Bu valideynin seçimidir. Amma biz həkim olaraq bunu məsləhət görmürük. Uşaqda boyun inkişafdan qalmasının səbəbi araşdırılmalıdır. Mütləq həkim tərəfindən müayinə olunduqdan sonra hansısa dərman preparatı təyin edilə bilər. Valideynlər nəzərə alsınlar ki, boy artımına xəstə ilə söhbət, ailədə pozitiv əhval-ruhiyə də təsir edir".Sputnik



REKLAM