sehiyye.info

Dubayda stomatoloqların sərgi-konfransında 3,5 milyard dollarlıq razılaşmalar əldə olunub

Dubayda stomatoloqların sərgi-konfransında 3,5 milyard dollarlıq razılaşmalar əldə olunub
Fevralın 7-də Dubayda başa çatan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 24-cü Beynəlxalq Stomatoloqlar Konfransı və Ərəb Stomatologiya Sərgisi (AEEDC) çərçivəsində müxtəlif ölkələrin stomatologiya sahəsində texnologiya şirkətləri arasında ümumilikdə 3,5 milyard dollarlıq razılaşmalar əldə edilib.
Sehiyye.info “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, Dubay Beynəlxalq Konqres və Sərgi Mərkəzində keçirilən bu tədbirə 155 ölkədən 66 mindən çox ziyarətçi gəlib. Konfransda dünyanın aparıcı stomatoloq-alimlərinin məruzələri, yeni texnoloji nailiyyətlər təqdim olunub.

AEEDC-in Dubay üzrə İcraiyyə Komitəsinin sədri Əbdül Salam əl-Mədəni jurnalistlərə müsahibəsində bildirib ki, konfransda iştirak edən stomatoloqlar arasında faydalı təcrübə mübadiləsi də aparılıb. Eyni zamanda, diş həkimliyi sahəsində inqilab yaradan ən yeni texnologiyalar və avadanlıqlar da nümayiş etdirilib.

Sərgi-konfransın sonuncu günündə dünyanın ən qabaqcıl stomatoloqlarına mükafatlar təqdim edilib. Sərgidə stomatologiya sahəsində ABŞ, Almaniya, Rusiya, Çin, Türkiyə, Pakistan və digər ölkələri təmsil edən 3 minə yaxın şirkət və 4 min dental markanın təqdimatları olub.



REKLAM