sehiyye.info

Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb (FOTO, VİDEO)

Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb (FOTO, VİDEO)

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb.



Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Milli Nevroloqlar Assosiasiyası ilə uzun illərdir əməkdaşlıq etdiklərini bildirib. Qeyd edib ki, beynəlxalq konfrans bu əməkdaşlığın daha bir göstəricisidir: “Bu gün Azərbaycan Tibb Universiteti baza tibb təhsili ilə yanaşı, həkim rezidentlərin hazırlanmasında və tibb işçilərinin davamlı tibb təhsili prosesində çox aktiv iştirak edir. Səhiyyə Nazirliyinin dəstək və qayğısı nəticəsində universitetimizdə tədris və müalicə sahəsində önəmli islahatlar aparılır. Universitet təlim-tədris prosesini əhəmiyyətli şəkildə inkişaf etdirir və dünyanın bir çox aparıcı ölkə universitetləri ilə sıx əməkdaşlıq əlaqələri yaradır. Nevrologiyanın və xüsusən də, sinir xəstəliklərinin öyrənilməsi ATU üçün çox vacib sahədir. Nevrologiyanın müalicəsində yeni yanaşmalar nəzərə alınır”.



Milli Nevroloqlar Assosiasiyasının prezidenti Rəna Şirəliyeva bildirib ki, elmi konfransların keçirilməsi artıq bir ənənəyə çevrilib. Onun sözlərinə görə, beynəlxalq tədbirlər Azərbaycan alimlərinin inkişafı üçün çox faydalıdır: “Belə konfranslar həkimlərin praktik və teoratik savadlarını artırmağa, qarşılıqlı fikir mübadiləsi aparmağa kömək edir. Konfrans çərçivəsində təlim kurslarının da keçirilməsi nəzərdə tutulub”.



Qeyd edək ki, beynəlxalq konfransda əzələ-sinir xəstəliklərinin müasir diaqnostikası və müalicəsinə dair beynəlxalq dərəcəli mütəxəssislər tərəfindən yeni məlumatların paylaşılması, elektromiqrafiya diaqnostik metodu üzrə təməl və təkmil səviyyələrdə nəzəri təlimin aparılması nəzərdə tutulub. Tədbirdə Almaniya, Gürcüstan, Azərbaycan və Rusiyadan olan mütəxəssislər iştirak edirlər.



Konfransın əsas istiqamətləri müxtəlif dərəcəli sinir-əzələ, genetik nevroloji patologiyaların diaqnostik meyarları, neyrofizioloji diaqnostika haqqında müzakirələr, neyrofiziologiya elmi və elektroneyromioqrafiya metoduna dair teoretik təlim və digər mövzulardır.



Konfrans öz işini elmi məruzələrlə davam etdirir.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



REKLAM