Mütəxəssislər hansı növ çörəyi məsləhət görür
Sünbülləri tellənən buğda zəmisi gözəllik, bolluq və bərəkət mənbəyidir. Yazda yaşıl dəniz kimi yırğalanan, tel-tel olub tellənən taxıl zəmisi yayda sapsarı saralıb dən tutur, biçilərək döyülür, sonra dəyirmanda üyüdülərək una çevrilir. Undan xəmir yoğrulur, kündələr tutulur və təndirə yapılaraq çörək bişirilir. Müqəddəs hesab elədiyimiz çörək tarladan süfrəyə gəlib çıxanadək bu qədər uzun bir yol keçir. Lakin min bir zəhmət və alın təri hesabına başa gələn çörəyin qida rejimi və rasionda tutduğu yerlə əlaqədar ən müxtəlif fikirlər var. Naturopatların demək olar ki, hamısı və həkimlərin bir qrupu çörəkdən, xüsusilə ağ çörəkdən imtina etməyi məsləhət görür və hətta ağ rəngdə olan çörək, şəkər və duzu “ağ zəhər” adlandırırlar. Alim və həkimlərin bir qrupu çörəkdən imtina etməyi düzgün saymır. Təbii qidalanmaya üstünlük verənlər bunun əvəzinə buğda cücərti, yaxud kəpəkli un məmulatları yeməyi məsləhət görürlər.
Bəs “qızıl orta” haradadır? Kimin dediyinə inanıb, fikrinə üstünlük vermək lazımdır? Əlbəttə, ilk baxışda asan görünən bu suala birmənalı cavab vermək çox çətindir.
Tahir Əmiraslanov (Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov): - Ağ unun tərkibində həyat üçün lazım olan elementlər yoxdur, ona görə kəpəkli undan bişirilmiş çörəyə üstünlük verilməlidir. Xəşil, xəngəl və digər xörəklərin də həmin undan bişirilməsi daha faydalıdır.
Leyla Zülfüqarlı (Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu): - Alman texnologiyası ilə və ya türk resepti əsasında hazırlanan kəpəkli çörək yeyilməlidir. Lakin çörək monotərkibə malik olmalıdır, onun hazırlanması zamanı taxıl məhsulundan hazırlanmış un, su, duz və mayadan ibarət olmalıdır.
Ləman Süleymanova (həkim-diyetoloq):- İnsan orqanizminin həm ağ, həm də qara çörəyə ehtiyacı var. Lakin ağ çörəyi çox bişmiş və isti halda yemək mədə-bağırsaq xəstəliyinə səbəb olur, onu bir qədər boyatıyandan sonra yemək daha yaxşıdır. Xüsusilə səhər və günorta kəpəkli çörək yeyilməlidir, axşamlar çörək yeyilməsi həzm prosesini ləngidir.
Fizuli Hüseynov (həkim-fitoterapevt): - Ağ undan bişirilən çörəyin tərkibində karbohidratlar qara unda olandan dörd dəfə çox olduğuna görə sorulma prosesi də ləng gedir. Çörək nə qədər ağ və yumşaqdırsa, onun tərkibində qlütenin miqdarı da o qədər çoxdur, bu isə bağırsaq divarını iltihablaşdırır. Xüsusilə buğda, arpa, yulaf və çovdarın tərkibində həmin maddə çox olur. Ən yaxşısı, darı unundan hazırlanan lavaşla qidalanmaqdır.
100 qram ağ çörək 249, 30 qram Borodin çörəyi 208, 100 qram baton çörək 235, 100 qram dənli çörək 228, 100 qram zavod çörəyi 245, 100 qram təndir çörəyi 330, 100 qram kəpəkli çörək 150, 30 qram lavaş 100, 30 qram qozlu çörək 350, 100 qram südlü çörək 350 kaloriyə bərabərdir.
Xarici ölkələrə səfər zamanı tamamilə əks mənzərə ilə üzləşirik. Yemək zamanı çörəkdən çox az və çox cüzi istifadə olunur, qida zamanı salat və delikateslərə üstünlük verilir.
Bizdə isə hər gün mağazalardan zənbil-zənbil çörək alındığını, mərasim və məclislərdə nə qədər çörəyin israf olunduğunu görürük. Görünür, elə bu cür qidalanmanın nəticəsidir ki, ölkədə şişmanlıqdan və artıq çəkidən əziyyət çəkənlərin sayı ildən-ilə artır. Nə nəfsimizə hakim kəsilib çörəkdən imtina edə, nə də onun qədərini azalda bilirik.
Əslində heç bir həkim, diyetoloq və kulinar çörəyin birdəfəlik rasiondan çıxarılmasını təkid etmir, bunu iddia etmək heç düzgün də deyil. Orqanizm üçün çox zəruri olan bir sıra fermentlər var ki, həkimlər onun məhz çörəyin tərkibində olduğunu söyləyirlər. Lakin qida zamanı əsas ağırlığı da çörəyin üzərinə salmaq düzgün deyil. İlk növbədə, qara undan bişirilən kəpəkli çörəklə qidalanmaq, özü də minimum miqdarda qəbul etmək lazımdır. Farslar demiş, kəm-kəm buxuru, həmişə buxuru. Yəni, az-az ye, həmişə ye…
Çörəyin çox yeyilməsi də əksər hallarda xəstəliklərə səbəb olur, şişmanlıq, piylənmə, artıq çəki, həzm, mədə-bağırsaq sisteminin işində problemlər yaradır. Söhbət heç də bütün nemətlərin şahı hesab edilən çörəkdən imtina etməkdən və menyudan çıxarmaqdan yox, onu qədərində yeməkdən gedir.
Necə deyərlər, qədərini bilməyən qədrini, qədrini bilməyən qədərini bilməz...Azərtac