Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
Əvvəllər qara çörəkdən, əsasən, pəhriz saxlayanlar və şəkər xəstələri istifadə edirdi. Son vaxtlar isə qara çörəyə üstünlük verənlərin sayı artıb. Bu növ çörəyin sağlamlığa xeyirli olması haqqında səslənən fikirlər də qara çörəyə tələbatı artıran səbəblərdəndir. Bununla belə, qara çörəklərin tərkibinə bir çox kimyəvi maddələrin vurulması ilə bağlı söz-söhbətlər də gəzir.
Ekspertlər qara çörəyin tərkibinin çovdar unu, ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olduğunu bildirir. Ancaq bəzən qara çörəkləri alarkən tərkibindəki maddələrin qeyd edilmədiyini müşahidə edirik.
Arasdırma.info xəbər verir ki,qida mühəndisi İsa Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, xarici ölkələrdən fərqli olaraq, ölkəmizdə istehsal olunan qara çörəklərə əlavə edilən qatqıların qablaşdırmada qeyd edilməməsi təhlükəli haldır:
"Tərkibinə müxtəlif qatqılar əlavə olunan qara çörəklər çoxdur, amma həmin rəngdə olan məhsula "pəhriz çörəyi" demək olmaz. Təəssüflər olsun ki, rəqabət bəzən mənfi nəticələrə gətirib çıxarır. Belə ki, bir firma digərindən daha ucuz mal satmaq və xərclərini daha azaltmaq məqsədilə məhsullara fərqli qatqılar vururlar. Qara çörəklərin rənginin dəyişdirilməsi üçün ona kofe, kakao tozu vurulur, hətta fərqli qida rəngləndiricilərdən istifadə edilir. Bu da hiyləgərlik deməkdir. Çünki qablaşdırmada həmin qatqıların adı qeyd edilməyib, bu qanun pozuntusudur".