Tanınmış həkimdən VACİB MƏSLƏHƏT: Əgər sidiyin rəngi şəffafdırsa...
“Arıqlamaq üçün həddən artıq su içmək bədən üçün ciddi stressdir”.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Mütəxəssis suyun bədənə təsirləri barədə vacib faktları açıqlayıb.
O, son illərdə arıqlamaq üçün hər kəsə gündə 2 litr su içməyi təklif edən dietoloqların tövsiyələrinə aydınlıq gətirib: “Bildiyiniz kimi, susuzluq hissiyyatı bizim sensorlarımızdan biridir. Beynimizdə susuzluq mərkəzimiz var. Əgər bizə su lazımdırsa, susuzluq hiss edəcəyik. Əgər bədənin su ehtiyatı tükənməyibsə, su içirsinizsə, özünüzə zərər edirsiniz.
Sidiyin rəngi tam su rəngində (rəngsiz) olana qədər su içirsinizsə, bilin ki, normal sidiyin rəngi saman sarısı rəngində olmalıdır. Sidiyin öz rəngi var. Əgər heç bir piqmentsiz, tam su kimi şəffaf sidik ifraz edirsinizsə, bu yaxşı əlamət deyil, dozanı aşdığınızı göstərir.
Yorğunluğunuzun səbəbi də çox su içmək, qanda elektrolitləri durulaşdıraraq konsentrasiyasını aşağı salmanız ola bilər. Elektrolitlərin belə durulaşması əzələ qıcolmalarına və ürəkdə aritmiyalara, diarreyaya səbəb olacaq.
Normada insan 6-8 dəfə sidiyə getməlidir. Əgər siz tez-tez sidiyə gedirsinizsə, hətta gecə saatlarında sidik kisəsi dolduğu üçün yuxudan ayılırsınızsa, demək ki, bədəndə lazım olduğundan daha çox maye toplanıb. Düzdür, bunlar böyrək xəstəlikləri, bir sıra dərmanlarla da əlaqəli ola bilər. Amma sağlamsınızsa və heç bir dərman qəbul etmisinizsə, suyun dozasını qaçırtmısınız.
Kimin nə qədər su içməsi barədə düstur var. Lakin onu da qeyd edim ki, gün ərzində 8-10 stəkan (400 ml) içmək kifayətdir”.