sehiyye.info

Elmi Tədqiqat Kardiologiya İnstitutunun 40 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirilir

Elmi Tədqiqat Kardiologiya İnstitutunun 40 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirilir
Bakıda akademik Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun 40 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirilir.

Sehiye/info AZƏRTAC -a istinadən xəbər verir ki, konfransda yerli mütəxəssislərlə yanaşı, Gürcüstandan, Belarusdan, Türkiyədən, Rusiya və digər ölkələrdən tanınmış kardioloq və kardiocərrahlar iştirak edirlər.

Konfransı giriş sözü ilə açan akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova bildirib ki, son vaxtlar səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsinə, tibbi müəssisələrin maddi-texniki bazasının genişləndirilməsinə, yeni tibbi texnologiyaların tətbiqinə yönəlmiş tədbirlər həyata keçirilir. Tibbi kadrların, o cümlədən kardiologiyanın və ürək-damar cərrahiyyəsi üzrə mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurların qazanılması vurğulanıb: “Akademik Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu 1979-cu ildən etibarən fəaliyyətə başlayıb. Elmi-praktiki konfrans bizim üçün əlamətdar olan bir gündə - Elmi Tədqiqat Kardiologiya İnstitutunun 40 illik yubileyi ərəfəsində keçirilir. Bu gün Kardiologiya İnstitutu böyük elmi potensiala və klinik-praktik təcrübəyə malikdir. İnstitutda bu nailiyyətlər dövlətimizin bizə göstərdiyi dəstək, diqqət və qayğının nəticəsidir”.

Gülnaz Dadaşova qeyd edib ki, müasir dövrümüzdə ürək-damar xəstəliklərindən ölüm sayının azalması tibb aləmində əhəmiyyətli hadisə hesab edilir: ”Məhz buna görə biz sizinlə kardiologiyanın müasir vəziyyətini müzakirə edəcək, arterial və ağciyər hipertenziyası, ateroskleroz və dislipidemiya, ürəyin işemik xəstəliyi və miokard infarktı, ürək ritminin pozulması, tromboz və trombemboliya və s. kimi mühüm əhəmiyyətli problemləri müzakirə edərək ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında əldə edilmiş müasir nailiyyətlər əsasında tibbin inkişafında müasir yanaşmanı gözdən keçirəcəyik”.

Türk Dünyası Kardiologiya Birliyinin sədri Firdovsi İbrahimov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Tofiq Cahangirov və digərləri çıxışlarında tədbirin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq, bu sahənin inkişafına töhfə verəcəyini deyiblər. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin əhalimizin sosial rifahının və sağlamlığının yüksək səviyyəyə qaldırması siyasəti nəticəsində ölkəmizdə səhiyyə müəssisələrinin yenilənməsi danılmaz bir faktdır. Bunların arasında Elmi-Tədqiqat Kardiologiya İnstitutu da var. Uzun bir təkamül dövrü keçmiş bu elmi müəssisə bu gün öz elmi nailiyyətləri ilə səhiyyə ocaqları arasında özünəməxsus yer tutur. Bildirilib ki, konfransın məqsədi Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. Konfransda, həmçinin kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə də toxunulacağı vurğulanıb.

Konqres öz işini plenar sessiyalarla davam etdirib, Azərbaycan və xarici ölkə mütəxəssislərinin məruzələri dinlənilib.

Qeyd edək ki, elmi-praktiki konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olub və 5 kredit balla qiymətləndirilib.



REKLAM