Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında elmi seminar keçirilib (FOTO)
Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb bölməsi ilə birlikdə Elm Gününə həsr olunmuş elmi seminar keçirilib. Konfransda Azərbaycanla yanaşı, Rusiya və Belarusdan mütəxəssislər iştirak ediblər.
Seminardan əvvəl qonaqlar ATU-nun Onkologiya Klinikasının direktoru, Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovla görüşüblər. Görüş zamanı akademik Ə.Əmiraslanov klinikanın fəaliyyəti, görülən işlər barədə qonaqlara məlumat verib. Direktor klinikada kimya terapiyası, qida borusu və sümük onkologiyası sahəsində aparıcı mütəxəssislərin çalışdığını, müxtəlif mürəkkəb əməliyyatların icra olunduğunu diqqətə çatdırıb.
AMEA-nın Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölkəmizdə hər il martın 27-si Elm Günü kimi qeyd olunur. Azərbaycanın elmi ictimaiyyəti üçün əlamətdar hadisə olan bu tarix münasibətilə AMEA-nın institutlarında, təhsil ocaqlarında müxtəlif formatlı tədbirlər keçirilir. Onkoloji Klinikada təşkil olunan elmi seminar müasir biotibbin aktual məsələlərinə həsr olunub.
Rusiyanın D.O.Ott adına Mamalıq, Ginekologiya və Reproduktologiya Elmi-Tədqiqat İnstitutunun Patomorfologiya şöbəsinin rəhbəri, professor İqor Kvetnoy təmsil etdiyi qurum, orada aparılan elmi-tədqiqatlar barəsində məlumat verib. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
“Qocalmanın neyroimmunoendokrin mexanizmləri. Bukkal epiteli və yaşla bağlı xəstəliklərin fərdiləşdirilmiş diaqnostikası və target terapiyasının optimallaşdırılması” mövzusunda keçirilən elmi seminarda yaşla bağlı xəstəliklər, bu xəstəliklərin yeni müalicə üsulları barədə müzakirələr aparılıb. Tədbirdə Belarusun Fiziologiya İnstitutunun onkoloji xəstəliklərlə məşğul olan mütəxəssislərinin mühazirələri də dinlənilib.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı