İtaliya onkoloji xəstələrin yaşama müddətinə görə Avropada liderdir
İtaliyada onkoloji diaqnozun qoyulmasından sonra yaşama müddəti ortalama 5 ildən çoxdur. Bu göstərici Avropada ən yüksək sayılır.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının “Aİ-də səhiyyə. İtaliya” hesabatında bildirilir ki, ölkədə xərçəngin müxtəlif növləri üzrə müalicə müsbət nəticə verərək, yaşama müddəti artır. Belə ki, prostat xərçəngində sağalma ehtimalı 90 faiz, süd vəzlərinin xərçəngində 86 faiz, ağciyər xərçəngində 16 faiz, yoğun bağırsaqda isə 64 faiz təşkil edir. İtaliya tibbindəki nailiyyətlər bu ağır xəstəliyin müalicəsində yeni texnologiyalar tətbiqi ilə bağlıdır.
Ümumilikdə, İtaliyada ölüm səviyyəsi aşağı düşməkdə davam edir. Ötən iki ildə baş vermiş ölümlərin üçdə biri risk faktorları ilə bağlıdır. Bunların arasında pis həyat tərzi, həddindən artıq ağır çəki, alkoqol asılılığı və sair kimi hallar ölümlə nəticələnib.
Hazırda İtaliyada yeniyetmələr və gənclər arasında tütün məhsullarından və alkoqoldan istifadənin qarşısının alınması üçün sosial tədbirlər geniş vüsət alıb.