Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında 54 yaşlı xəstə uğurla əməliyyat olunub
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında “Paraaortal limfodisseksiya” üzrə uğurlu əməliyyat icra olunub.
Sehiyye.info bildirir ki,Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onkoginekoloq Əkbər İbrahimovun sözlərinə görə, əməliyyat 1965-ci il təvəllüdlü xəstənin sağ yumurtalığında bədxassəli bir törəmənin olması şübhəsinə görə həyata keçirilib.
“Əməliyyat zamanı frozen müayinəsi aparılıb. Nəticədə yumurtalığın seroz şişi aşkarlandığından xəstədə radikal əməliyyat icra edilib. Aşağı boş venanın arxasında limfa düyünləri götürülüb. Bu nahiyə tamamilə limfa düyünlərindən təmizlənib”, - deyə mütəxəssis bildirib.
Həkim qeyd edib ki, paraaortal limfodisseksiya ginekoloji onkoloji xəstəliklərin cərrahi mərhələsini təyin etmək üçün vacib olan prosedurdur. Uşaqlıq cismi, yumurtalıqlar və uşaqlıq boynu xərçəngində tez-tez icra olunur. Nisbətən yeni metod sayılsa da, bəzi onkoloji mərkəzlərdə bu prosedur hətta 1990-cı ildən tətbiq olunur.
Onkoloji əməliyyat zamanı paraaortal limfodisseksiyanın icrasının əsas məqsədi xəstəliyin mərhələsini və sonrakı müalicə taktikasını təyin etməkdir. Digər tərəfdən, metastatik limfa düyünlərinin xaric edilməsi xəstənin yaşama proqnozuna müsbət təsir edir.