Evimizə çörəklə gələn mədə-bağırsaq xəstəlikləri
Süfrəmizin vazkeçilməzi olan çörək bir çox ailənin gündəlik aldığı qida məhsullarndan biridir. Hər kəs çalışır ki, təzə, isti və yumuşaq çörək əldə eləsin. Bu məqsədlə piştaxtata olan məhsulların demək olar ki, hamısını yoxladıqdan sonra birini seçir. Bu prosesdə gün ərzində onlarla alıcı iştirak edir. Elə müsahibimiz kimi.
Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında süjet yayımlanıb.
Alıcı: "Müştəri istədiyi çörəyi seçib alır. Çörəyi yaxşı qablaşdırsalar buna ehtiyac qalmaz. Bəzi çörəklər var qablaşdırıb göndərirlər, onda yaxşı olur”.
Alıcılar məhsulu alarkən yoxlamaq məcburiyyətinə olduğunu bildirir. Çünki bəzən satışda köhnə, quru hətta kiflənmiş məhsullarda olur. Satıcılar bildirir ki, onlar bu prosesə müdaxilə etmir. Yalnız piştaxtanı səliqəli, təmiz saxlamağa çalışırlar.
Satıcı: "Müştəri baxmalıdır, seçib götürməlidir. Hər kəs istəyir ki, evinə təzə çörək aparsın. Ona görə biz müdaxilə etmirik. Müştərini kobudlamaq olmur, acığına gəlir”.
Qaydalara əsasən çörək satılan yerlə alıcı arasında məsafə olmalıdır, çünki digər qida məhsullarından fərqli olaraq çörəyi mikroblardan qorumaq mümkün deyil. Həmçinin nə alıcı, nə də satıcı çörəyə əllə toxuna bilməz. Bu tibbi baxımdan da olduqca təhlükəlidir.
Əlniyaz Ramazanov – Həkim: "Çöldə gəzən, hərəkət edən insanın əllərində min cür mikrob var. Onlar da yoluxucu mikroblardır. Mədə-bağırsaq xəstəliklərinin törədiciləri olur. Ona görə ehtiyatlı olmaq lazımdır”.
Müşahidəmizə əsasən deyə bilərik ki, istər böyük istər kiçik marketlərin əksəriyyyətində çörək növlərinin əksəriyyəti açıq şəkildə piştaxtalara düzülüb. Həmçinin məhsul daşınarkən işçilər açıq əl ilə prosesi həyyata keçirir.