Nazir müavini: "Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir"
"Qeyri-infeksion xəstəliklərin yükü istər xəstələnmə, istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə digər yoluxucu xəstəliklərdən yüksəkdir".
Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.
O bildirib ki, dünya üzrə əhalinin yaşlanma göstəricisi artır: "Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Hazırda bu xəstəliklərlə mübarizə diqqət mərkəzindədir. Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Azərbaycanda isə bu göstərici bir qədər artıqdır. Belə ki, ölkədə qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir. Yüksəkgəlirli, inkişaf etmiş ölkələrdə bu göstərici 30 faizə çatmır, 26 faizdir".
Nazir müavinin sözlərinə görə, bu baxımdan Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır: "Burada yalnız öhdəlik səhiyyənin üzərinə düşmür. Bütün qurumlar birgə mübarizə aparmalıdır. Fiziki aktiv həyatın təbliği, maarifləndirmə, tütündən istifadənin azaldıması buna misaldır".
Report.az