Passiv tütünçəkmə qeyri-infeksion xəstəliklərə səbəb olur
Dünyada vaxtsız ölümə səbəb olan 8 əsas xəstəlik var ki, onun 6-sı üçün risk faktoru tütündür. Dünya Səhiyyə Təşkilatı belə bir açıqlama ilə çıxış edib.
Statistikaya görə, hər il 8 milyon nəfər tütünçəkmə nəticəsində vaxtından əvvəl dünyasını dəyişir. Onların 1 milyonu passiv tütün çəkənlər, yəni özləri istifadə etməsələr də, tütün tüstüsünün zərərli təsirinə məruz qalanlardır.
Sehiyye.info xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Şəhla Mirzəzadə siqaretin səbəb olduğu xəstəliklərdən danışıb: “Ağciyər xərçənginin yaranma səbəblərinin 90 faizi məhz tütünçəkmə ilə bağlıdır. Ümumiyyətlə, tütünçəkənlərin həyatı 15-20 il qısalmış olur. Digər orqanlarda da xərçəng xəstəliklərinin növləri müşahidə olunur. Bundan başqa tütünçəkmə damarlarda aterosklerozun yaranmasına, ateroskleroz isə ürəyin infarktına və beyin insultuna səbəb olur. Tütünçəkmənin yaratdığı qeyri-infeksion xəstəliklərlə yanaşı, xərçəng növləri də həyatın tez qısalmasına aparıb çıxarır”.
Dünyada olduğu kimi, ölkəmizdə də passiv tütünçəkməyə məruz qalanlar çoxdur. Onlar özləri tütündən istifadə etmədən onun qurbanına çevrilirlər. Bu sıyahıda uşaqları xüsusi qeyd etmək lazımdır.
“Uşaqların 50 faizi, yəni hər iki uşaqdan biri tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Bu, həmin uşaqlarda tənəffüs yolları xəstəliklərinin başlanma mərhələsinə gətirib çıxarır. Hansısa uşaqda tənəffüs yolları xəstəlikləri, məsələn, astma varsa, həmin prosesin daha da kəskinkəşməsinə səbəb olur”, - deyə şöbə müdiri əlavə edib.
Ötən ilin statistikasına görə, ölkəmizdə 15 və yuxarı yaşda olanların 33,1 faizi siqaret çəkir.AZƏRTAC