sehiyye.info

DST qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarının azaldılması üçün qətiyyətli addımlar atmağa çağırır

DST qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarının azaldılması üçün qətiyyətli addımlar atmağa çağırır
Dünya Səhiyyə Təşkilatı (DST) Avropa regionunda qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarının azı 30 faiz azaldılması üçün qətiyyətli addımlar atmağa çağırır.

DST-nin təklif etdiyi, iqtisadi baxımdan ən səmərəli müdaxilə tədbirləri davamlı inkişaf sahəsində hədəflərin 3.4-cü bəndində göstərildiyi kimi, qeyri-yoluxucu xəstəliklərdən (QYX) ölüm hallarını 30 faiz azaltmaq vəzifəsini yerinə yetirməyi xeyli asanlaşdıra bilər.

SEhiyye.info bildirir ki,AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, bu cür müdaxilə tədbirləri sırasına fiziki fəallığın dəstəklənməsinə, tütün və alkoqol istehlakının məhdudlaşdırılmasına yönəlmiş siyasət, duz və şəkər istehlakının azaldılması və qida məhsullarının tərkibində zərərli piylərin istisna edilməsi kimi təşəbbüslər daxildir.

DST-nin Avropa Regional Bürosunun direktoru Suzanna Yakab deyir: “Regionda ölüm hallarının əsas səbəbi olan QYX iqtisadi və sosial inkişafa ciddi mane olur. DST-nin əhatə dairəsində Avropa yeganə regiondur ki, orada QYX səbəbindən vaxtsız ölüm göstəriciləri kifayət qədər sürətlə azalmaqdadır. Bununla belə, bu regionda alkoqol və tütün istehlakı göstəriciləri dünyada ən yüksək səviyyədədir. DST tərəfindən təklif edilən, iqtisadi baxımdan ən sərfəli müdaxilə tədbirləri çoxsaylı insan həyatının xilas olunmasına kömək edəcək. Belə səmərəli siyasi tədbirlər çox vaxt əlçatan olur, lakin təəssüf ki, bu tədbirlər hər yerdə həyata keçirilmir”.

Avropa regionunda ölüm hallarının təqribən 90 faizinin və xəstələnmə hallarının 84 faizinin əsas səbəbi ürək-damar xəstəlikləri, xərçəng, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri və diabet kimi qeyri-yoluxucu xəstəliklərlə bağlıdır. Bu, əhalinin sağlamlığı üçün təhlükə doğurur və səhiyyə sisteminin yükünü daim artırır, regionda iqtisadi inkişafı ləngidir, qeyri-bərabərlik halları dərinləşir. Gəlirlər aşağı və orta səviyyəli olan ölkələrdə QYX-nin fəsadları daha sürətlə artmaqdadır.



REKLAM