sehiyye.info

“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib

“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib

Dekabrın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNISEF) birgə təşkilatçılığı ilə “Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə UNISEF-in və agentliyin nümayəndələri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (nazirlik) məsul əməkdaşları, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının, aidiyyəti dövlət, qeyri-dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən UNISEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib: “Biz UNISEF olaraq hesab edirik ki, informasiya-kommunikasiya texnologiyalarının gündən-günə inkişaf etdiyi bir dünyada yeniliklərə doğru irəliləmək çox vacibdir və yeni yanaşmalardan istifadə edərək zəruri xidmətlərə çıxışı artırmaq, həyat qurtaran məlumatları çatdırmaq ən öndə duran məsələlərdən biridir. Bu səbəbdən sağlamlıq haqqında vacib məlumatları hamilə qadınlara çatdırmaq üçün bir araya gələn agentliyin, nazirliyin və mobil operatorların tərəfdaşlığına çox şadıq”.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev öz növbəsində ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində aparılan islahatlardan söz açıb və uşaq sağlamlığının qorunmasının agentliyin diqqətində olan mühüm məsələlərdən biri olduğunu vurğulayıb. O həmçinin SMS maarifləndirmə üzrə pilot layihənin ana və hamilə qadınların bilik, vərdiş və davranışlarında müsbət dəyişikliklərə, tibb işçiləri ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə səbəb olduğunu bildirib.

Bundan sonra, SMS ismarıc paketini almış hamilə qadınların, layihə icraçılarının layihə ilə bağlı təəssüratlarından bəhs edən videofilm nümayiş olunub.

Tədbirin davamı olaraq, layihənin koordinatoru, UNISEF-in innovasiya və texnologiya üzrə mütəxəssisi Rüstəm Cabbarov layihənin ilkin mərhələsinin nəticələrini təqdim edib. O, həmçinin layihənin tətbiqi ilə bağlı Mingəçevir şəhərində fəaliyyət göstərən Ailə Sağlamlıq mərkəzlərində qeydiyyat sisteminin qurulması və göstərilən xidmətin keyfiyyətinin yoxlanılması məqsədilə icra olunan tədbirlər haqqında ətraflı məlumat verib.

İştirakçılara bildirilib ki, SMS ismarıcın maarifləndirmə vasitəsi kimi təsir gücünün sınanması da layihənin hədəflərindən biridir. Bu məqsədlə ismarıc paketini almış hamilə qadınların bilik və vərdişlərində yaranmış dəyişiklikləri müəyyən etmək üçün oktyabr-noyabr aylarında 273 abunəçi arasında telefon sorğusu keçirilib. Sorğular nəticəsində məlum olub ki, 62 faiz sorğuçu ona göndərilmiş SMS-lərdən ən azı birini xatırlayır. SMS-lərdən sonra vərdiş və davranış dəyişikliyi 30.8 faiz təşkil edib. Hamilə qadınların ən çox xatırladıqları mövzular ana südü, Keysəriyyə kəsiyi və müayinə həftələri ilə bağlı olub.

Daha sonra tədbir panel müzakirələrlə davam edib. Panel sessiyada çıxış edən Rüstəm Cabbarov, agentliyin məsul əməkdaşı Aynurə Rəşidova və nazirliyin rabitə sahəsinin tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Zakir Qasımov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Z.Qasımov öz növbəsində bildirib ki, nazirlik tərəfindən edilən koordinasiya nəticəsində ölkənin aparıcı mobil operatorları korporativ sosial məsuliyyətləri çərçivəsində abonentlərə göndərilən SMS-lərin xərclərini öz üzərilərinə götürməklə sözügedən layihəyə dəstək olublar.

Tədbirin sonunda gələn ildən icbari tibbi sığortanın tətbiq olunacağı regionlarda sözügedən layihənin davam etdirilməsi və bununla bağlı, aparıcı mobil operatorlar ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsi müzakirəyə çıxarılıb.

Qeyd olunmalıdır ki, SMS maarifləndirmə üzrə pilot layihə UNISEF və agentlik arasında imzalanan Anlaşma memorandumu çərçivəsində həyata keçirilir. Layihənin ilkin mərhələsi cari ilin sonunda başa çatacaq. Layihə müddətində Mingəçevir şəhəri Ailə Sağlamlıq mərkəzlərində qeydiyyatdan keçən və SMS almağa razılıq verən 524-dən çox hamilə qadına hamiləliyin ilkin vaxtlarında zəruri müayinələrdən keçmək, müvafiq pəhriz, həftələr və trimesterlər üzrə körpənin ana bətnindəki inkişafı və doğumdan sonra ana südü ilə qidalanmanın əhəmiyyəti barədə 61 SMS-lik maarifləndirmə paketi təqdim edilib. SMS mətnlərin hazırlanmasında Respublika Perinatal Mərkəzi, UNISEF və SMS xidməti üzrə ekspertlər çalışmışlar.

Qeyd edək ki, layihə 2020-ci ilin aprel ayında başa çatacaq.



REKLAM