Oğuz və Qəbələ rayonlarında icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
Avqustun 7-də Oğuz, avqustun 8-də isə Qəbələdə həmin rayonların icra hakimiyyətlərinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici tədbirlər keçirilib.
Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski, Oğuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramov, Agentliyin əməkdaşları Pərvin Baxşəliyeva, Elvin Abbasov və Vüsal Əzizov çıxış ediblər.
Y.Naxçıvanski bildirib ki, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra islahatlar həyata keçirilir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.
A.Əzizovun sözlərinə görə, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi məqsədilə tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılacaq və xəstəxanalarda informasiya texnologiyaları infrastrukturu qurulacaq.
Ə.Osmanova tibb sahəsində dövlət başçısının rəhbərliyi altında uğurlu islahatların aparıldığını, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı mühüm addımlar atıldığını və artıq 2020-ci ilin yanvarın 1-dən sistemin bütün ölkə ərazisini əhatə edəcəyini bildirib.
S.Bayramov isə öz növbəsində xəstəxanaların müasir texnoloji nailiyyətlərə əsaslanan tibbi avadanlıqlarla təchiz olunduğunu, icbari tibbi sığortanın əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tətbiq olunacağını diqqətə çatdırıb.
Agentliyin əməkdaşları icbari tibbi sığorta sisteminin məqsədi, sistemin tətbiqi ilə bağlı dünya ölkələrinin təcrübələri, xidmətlər zərfi çərçivəsində göstəriləcək ambulator, stasionar müayinə və müalicələr barədə çıxış ediblər. Bildirilib ki, xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir.
Sonda vətəndaşları maraqlandıran suallar agentliyin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, bundan əvvəl maarifləndirici tədbir Quba, Qusar, Balakən, Qax, Zaqatala və Şəki rayonlarında keçirilib.