İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində qanvermə aksiyası keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində 14 iyun Ümumdünya Qan Donoru Günü münasibətilə qanvermə aksiyası keçirilib.
Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasına könüllü olaraq qatılan agentliyin əməkdaşları qana ehtiyacı olan xəstələr üçün qan veriblər.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş tibb briqadasının həkim-hematoloqları agentliyin əməkdaşlarının sağlamlıq durumunu qiymətləndirdikdən sonra onların aksiyada iştirak etmələrinə icazə verilib.
Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.
Qeyd edək ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.