Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının Tibb Universitetinin tələbələri ilə görüşü olub
Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının “Könüllü qida nəzarətçisi” proqramı çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri ilə görüşü keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, universitetin İctimai səhiyyə fakültəsinin dekan müavini Qalina Qəniyeva görüşdə çıxış edərək tələbələrin artıq ikinci ildir ki, baza olaraq Qida Təhlükəsizliyi İnstitutunda təcrübə keçdiyini bildirib. O, keçən il universitetin 18 məzununun Qida Təhlükəsizliyi Agentliyi tərəfindən seçilərək işləməyə cəlb olunduğunu qeyd edib və təqdim olunan layihənin onların agentliklə əməkdaşlığını daha da genişləndirəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Agentliyin İdarə Heyətinin sədr müavini səlahiyyətlərini icra edən Camal Quliyev “Könüllü nəzarətçi proqramı”nın məqsədi və qarşıda duran vəzifələrlə əlaqədar tələbələrə ətraflı məlumat verərək deyib ki, proqramda nəzərdə tutulan məqsədlərdən biri də ölkədə fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq etməkdən ibarətdir və buna görə biz də laboratoriyaların qapısını və elmi-tədqiqat işləri aparmağı həkim-tələbələrin üzünə açıq elan edirik: “Çalışın ki, proseslərdə yaxından iştirak edəsiniz, praktik olaraq vərdiş və bacarıqlarınızı artıra biləsiniz. Ümid edirik ki, bu çağırışa qoşulacaq və ölkəmiz üçün əhəmiyyətli olan qida təhlükəsizliyinin təşkili işinə öz töhfənizi verəcəksiniz”.
Görüşdə könüllü tələbələrin layihədə iştirak etmələri üçün onların agentliyə müraciət edərək qeydiyyatdan keçmələri, qiymətləndirmə aparıldıqdan sonra təlimlərdə iştirakı tövsiyə olunub. Qeyd edilib ki, layihədə maddi və mənəvi stimullaşdırılma da nəzərdə tutulub. Tələbələr həmin layihəyə qoşulmaqla ölkəmizdə qida təhlükəsizliyi sisteminin formalaşmasında yaxından iştirak edəcəklər.
Görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.