sehiyye.info

Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib

Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi maarifləndirmə tədbirlərini davam etdirərək “Sağlam məktəbli” layihəsi çərçivəsində paytaxtın Nəsimi rayonundakı 19 nömrəli məktəbin şagirdləri ilə görüş keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihəsinin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği, eləcə də şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

Görüşdə şagirdlərə “Qida zəncirinin mərhələləri” və “Şəkərin insan orqanizminə ziyanları” maarifləndirici videoçarxları təqdim edilib.

Məktəblilərə məlumat verilərək bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təsis olunduğu 16 oktyabr Ümumdünya Qida Günü kimi qeyd edilir. Qeyd olunub ki, həmin gün həyata keçirilən tədbirlər çərçivəsində əhali arasında sağlam qida və düzgün qidalanma, həmçinin israf hallarının aradan qaldırılması, təkrar emal prosesinin inkişafı, yeni istehsal üsullarının tədqiqi və təbliğatının aparılması istiqamətində maarifləndirici tədbirlərin davamlılığını təmin etmək qarşıya qoyulmuş ən vacib məsələlərdəndir.

Görüş çərçivəsində qida təhlükəsizliyinə dair ilkin vərdişlər, dəniz məhsullarının faydaları, məktəblinin sağlam qidalanması barədə ətraflı məlumat verilib, şagirdlərin sualları cavablandırılıb. Onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.



REKLAM