Bakıda kişi növbəti dəfə qaşıq uddu
Bakının Səbail rayonunda şəhər sakini növbəti dəfə qaşıq udub.
Sehiyye.info xəbər verir ki,hüquq-mühafizə orqanlarından verilən məlumata görə, noyabrın 10-da 19 nömrəli təcili tibbi yardım stansiyasının həkimlərinə Bayıl qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elmar Məmmədov kömək üçün müraciət edib.
Kişi iki ədəd metal çay qaşığı udub.
Məlum olub ki, E.Məmmədov tibbi yardımdan sonra evə buraxılıb. Polisdən verilən məlumata görə, həmin şəxsin psixi problemləri olub.
E.Məmmədov bu ilin sentyabrında analoji addım atıb. Belə ki, həmin şəxsin anası sentyabrın 3-də 8-ci Polis Bölməsinə müraciət edib.
O, övladı - 1983-cü il təvəllüdlü Məmmədov Elmar Etibar oğlunun çay qaşığı udduğunu bildirib. Ananın sözlərinə görə, bu yolla oğlu nümayişkaranə şəkildə intihar etməyə çalışıb.
Bundan əlavə, E.Məmmədov üzərinə benzin tökərək, özünü yandırmaq istəyib, lakin anası buna imkan verməyib. O, 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
İlkin araşdırma zamanı məlum olub ki, əvvəllər qanunsuz narkotik satışına görə məhkum olunmuş E.Məmmədov anası ilə dalaşaraq mülk tələb edib. İstədiyinə nail olmadıqda isə intihara cəhd etməklə anasına təsir göstərməyə çalışıb.
Onun yaşadığı evi də yandırmaq istədiyi qeyd olunur.
Xatırladaq ki, bu, ailə münaqişəsi zəminində qaşıq udmaqla bağlı ilk hadisə deyil. Bu ilin iyulunda Xətai rayonunda qayınanası ilə münaqişə zamanı qaşıq və mismar udan 1989-cu il təvəllüdlü Babayev Alamat Nazim oğlu xəstəxanaya yerləşdirilmişdi.Oxu.Az-a