Vladislav Yakovenko: Milli Onkologiya Mərkəzində gözəl şərait yaradılıb
Milli Onkologiya Mərkəzində gözəl şərait yaradılıb, burada tətbiq olunan texnologiyalar isə ən müasir tələblərə cavab verir. Son illər Milli Onkologiya Mərkəzi dünyanın aparıcı onkoloji mərkəzləri, həmçinin onkoloji xəstələri müalicə etmək üçün ən yeni texnologiyalar istehsal edən şirkətlərlə sıx əməkdaşlıq edir. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Azərbaycan MOM-unu dünyanın qabaqcıl onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar.
Sehiyye.info xəbər verir ki,Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Bakıda keçirilən beynəlxalq endoskopik forumunun iştirakçısı, Kiyevin “Obepir” klinikasının endoskopiya və azinvazivli cərrahiyyə şöbəsinin müdiri Vladislav Yakovenko ifadə edib.
Ukraynada qastrointestinal endoskopiya və azinvazivli cərrahiyyə sahəsində aparıcı klinikanın şöbə müdiri III Bakı Endoskopik Forumu ilə bağlı təəssüratlarını da bölüşüb. O deyib: “Mən Bakı Endoskopik Forumuna ekspert qismində dəvət almışam. Forumda “Endosonoqrafiya endoskopçunun gündəlik praktikasında” və “Submukoza nahiyəsində əməliyyat təcrübəsi” mövzularında məruzələr edəcəyəm. Endosonoqrafiyanın tətbiqi mədədə, qida borusunda və s. nahiyələrdə bədxassəli və xoşxassəli şişlərin patologiyasının dəqiq diaqnozu üçün unikal imkanlar yaradıb. Biz müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərlə birlikdə tibb elminin aktual məsələləri, onkologiya qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparacaq, yeni texnologiyaların tətbiqi üzrə təcrübələrimizi bölüşəcək, habelə gələcək inkişaf naminə bir-birimizə kömək edəcəyik”.