Bakıda V Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilir YENİLƏNİB
Bakıda Milli Onkologiya Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Alman Tibbi Əməkdaşlıq Cəmiyyəti və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti tərəfindən onkologiya, qastroenterologiya, cərrahiyyə, radiologiya, ginekologiya, intensiv terapiya və tibbin bir sıra digər sahələrinin aktual problemlərinə həsr olunmuş beynəlxalq səviyyəli V Azərbaycan-Alman-Türk Tibb Konqresi və V Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilir.
AZƏRTAC xəbər verir ki, konqresdə referent qismində Almaniya, Türkiyə, İsveçrə, Avstriya və Ukraynanın tanınmış universitet klinikalarında çalışan 20-dən çox mütəxəssis tərəfindən oxunulacaq mühazirələrlə yanaşı həm də interaktiv diskussiyalar, ağır kliniki halların müzakirəsi aparılır.
Tədbirdə çıxış edən akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, Azərbaycan-alman-türk tibb konqresinin Azərbaycan tərəfindən prezidenti, professor Qurbanxan Müslümov bildirib ki, konqres Avropa Davamlı Tibb Təhsili İnstitutları və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 30 CME balı ilə qiymətləndirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti 2014-cü ildən başlayaraq Milli Onkologiya Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycanda beynəlxalq səviyyəli Azərbaycan-Alman-Türk Tibb Konqresi təşkil edir: “2015-ci ildə isə Azərbaycan, Almaniya, İsveçrə və Türkiyədən olan 20-yə yaxın tibb mütəxəssislərinin iştirakı ilə Bakı Beynəlxalq Tibbi Treninq Günləri yaradılaraq konqres çərçivəsində ilk dəfə ən müasir mulyajlardan, simulyatorlardan və treninq modellərindən istifadə edilməklə açıq və laparoskopik cərrahiyyə, endoskopiya, ginekologiya, radiologiya, ultrasonoqrafiya və s. sahələri əhatə edən beynəlxalq protokollara əsasən tibbi treninqlər keçirilməyə başlanılıb. Son illər konqres və treninq iştirakçılarının arealı böyüyərək Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələri, Rusiya, Ukrayna və Türkiyəni də əhatə edib”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral konqresin işinə uğurlar arzulayıb, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi baxımından bu beynəlxalq tədbirin faydalı olacağını bildirib. Diqqətə çatdırılıb ki, bu konqres ölkələrimiz və xalqlarımız arasında mədəni və sosial əlaqələrin dərinləşdirilməsinə də töhfə verəcək. Vurğulanıb ki, konqres təkcə Azərbaycan üçün deyil, ümumilikdə regionda tibbin inkişafı, tibbi biliklərin mübadiləsi və yeni istiqamətlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Andrea Sühl Azərbaycan və alman həkimlərinin tibbi əməkdaşlığının 2004-cü ildən başlanıldığı və onun ildən–ilə daha da genişləndiyi, bu gün 200-dən artıq azərbaycanlı həkimin Almaniyanın tibb müəssisələrində çalışdığı barədə məlumat verib.
Millət vəkilləri İlham Məmmədov və Elman Nəsirov öz çıxışlarında son illər Azərbaycandakı iqtisadi tərəqqidən danışıblar, bu inkişafın ölkədə səhiyyənin inkişaf etməsinə, əhalinin sağlamlığının qorunması sahəsindəki problemlərin həllinə şərait yaratdığını bildiriblər. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişaf etdirilməsi və əhalinin dünya standartlarına cavab verən tibbi yardımla təmin olunması üçün genişmiqyaslı islahatlar həyata keçirildiyi barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, fəaliyyətdə olan tibb müəssisələrinin yenidən qurulması prosesi geniş vüsət alıb. Vurğulanıb ki, Azərbaycanda səhiyyənin inkişafında Türkiyə və Almaniyanın tibb mərkəzləri ilə əməkdaşlığın böyük rolu var.
Konqresin Almaniya və Türkiyə tərəfindən prezidentləri Mikael Gebel və Özlem Tarcın, Dağıstan Tibb Universitetinin prorektoru, professor Məhəmməd Həmidov, konqresin təşkilatçılarından olan Almaniyadan gələn həkim Dəniz Uyak və digərləri Azərbaycan tibbinin uğurlarından və tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, son illər ölkəmizdə tibbin inkişafında çox ciddi nailiyyətlər əldə edilib və bunun nəticəsi olaraq Azərbaycan regionda tibb sahəsində keçirilən bir çox beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Cərrahiyyə, radiologiya, ginekologiya, endoskopiya və reanimasiya sahələrini əhatə edən bu treninqlərin yalnız Azərbaycandan deyil, xarici ölkələrdən də gəlmiş iştirakçılar üçün təhsil baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Konqreslə yanaşı laparoskopik və açıq cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiyaya həsr olunmuş 300-ə yaxın iştirakçının qatıldığı V Bakı Beynəlxalq Tibbi Treninq Günləri də keçirilir. Treninqlər Avropada davamlı tibb təhsili və mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir tədris proqramları və treninq protokolları əsasında mulyajlardan və xüsusi simulyatorlardan istifadə edilməklə canlı heyvan orqanları üzərində aparılacaq. Konqres və treninqlərdə referent, moderator və trener qismində Avropanın universitet klinikalarında çalışan və beynəlxalq trener statusu olan professorlarla yanaşı azərbaycanlı mütəxəssislər də iştirak edir və xarici həmkarları ilə bilik, təcrübə mübadiləsi aparırlar.
Konqres və treninqlərlə yanaşı Milli Onkologiya Mərkəzi, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, ET Mamalıq və Ginekologiya İnstitutu və bir sıra digər klinikalarda ginekologiya, radiologiya və endoskopiya sahələri üzrə ustad dərslərinin keçirilməsi də planlaşdırılır.
Konqres mayın 5-də öz işinə yekun vuracaq.