"Burada yalnız insan meyitinə rast gəlinmir" – Onlar "qan" iyinin əsirinə çevriliblər
Kənd sakinləri əraziyə heyvan cəsədlərinin atılmasının kəskin üfunət iyinə səbəb olduğunu, iy səbəbindən yoldan keçmək bir yana, evdə oturmağın da mümkün olmadığını deyirlər
Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilməsi sakinlərin ciddi narahatlığına səbəb olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, zibilliyə çevrilmiş əraziyə kütləvi şəkildə kəsilmiş iribuynuzlu və xırdabuynuzlu heyvan dəriləri, quş və heyvan leşlərinin tullanması buranı sahibsiz itlərin oylağına çevirib. Şikayətlənən kənd sakinləri uşaqlarının məktəbə, qadınların qəbiristanlığa yaxınlarının ziyarətinə gedə bilmədiklərini bildirirlər.
Ərazinin yaxınlığında yaşayan Bəkir Salıfov qəssablar tərəfindən kəsilmiş heyvan orqanlarının atılması səbəbilə burada qidasını zibillikdən tapan sahibsiz itlərin günü-gündən artdığını söyləyib. O, dəfələrlə sahibsiz itlərin sakinlərə, qəbiristanlığa yaxınlarının ziyarətinə gedən qadınlara hücum çəkdiyini deyib: “Elə bir vəziyyət yaranıb ki, hətta Qazaxdan, Ağstafadan da gətirib bura zibil tökürlər. Əsas da qəssabların tökdüyü kəsilmiş heyvan dəriləri, orqanlarıdı ki, o da itlərin buraya kütləvi şəkildə yığışmasına səbəb olur. O qədər it var ki, camaat qəbiristanlığa ölülərinin ziyarətinə də gedə bilmir. İndiyədək 2-3 nəfəri dişləyiblər. Həm üfunət qoxusundan, həm də itlərin qorxusundan çıxılmaz durumdayıq”.
Kənd sakini Etibar Cəfərov isə uşaqları məktəbə, dükana tək buraxa bilmədiklərini deyib: “Çox qorxulu bir vəziyyətdir. 15-20 it olur burda. Uşaqları məktəbə göndərə bilmirik, dükana, yola çıxa bilmirlər. Məcbur olub maşınla aparıb gətiririk. Zibil atanları görəndə çalışırıq qoymayaq. Bəziləri irad bildirəndə, atmır. Amma elələri də var ki, mane olmaq istəyəndə az qalır bizi də döysün”.
Kənd sakini Vaqif Eyyubovun sözlərinə görə, əraziyə heyvan cəsədlərinin atılması kəskin üfunət iyinə səbəb olur. İy səbəbindən yoldan keçmək bir yana, evdə oturmağın da mümkün olmadığını deyir.
“İnsan meyitindən başqa hər şey var burda. İy dözülməz həddədir. Artıq evimizdə də otura bilmirik üfunət iyindən. İtlər də ki bir yandan. Gündüz vaxtı əlimizdə çomaqla, yabayla keçirik, gecə isə itlərin qorxusundan ümumiyyətlə adlamaq mümkün olmur. Neçə dəfə məktəbə gedən uşaqlara itlər hücum edib, qaçıb bizim həyətə giriblər. İtləri qovub ötürmüşəm gediblər” - deyə vəziyyətdən şikayət edir.
Sakinlər aidiyyatı qurumların köməkliyilə ərazinin təmizlənməsini və buranın zibilliyə çevrilməməsi üçün nəzarətin gücləndirilməsini xahiş ediblər.
Məsələ ilə bağlı Dağkəsəmən kənd bələdiyyə sədri Ariz Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında ərazinin 2-3 aydan bir təmizləndiyini, lakin ictimai nəzarət olmadığından yenidən zibilləndiyini bildirib.
“Ərazi dəfələrə təmizlənməsinə baxmayaraq, yenidən zibilliyə çevrilməsinin qarşısını almaq mümkün olmur. Bələdiyyənin elə bir vəsaiti yoxdur ki, oraya daimi nəzarətçi təyin edib, məvacib verək. Bu səbəbdən orada yaşayanlara dəfələrlə müraciət etmişəm ki, zibil tökən olanda mənə zəng vurun, amma indiyədək heç kəs zəng etməyib” – deyə bələdiyyə sədri əlavə edib.
Bələdiyyə sədri yaxın günlərdə oranı yenidən təmizlədəciyini və hüquq mühafizə orqanlarının köməyilə ərazinin yenidən zibilliyə çevrilməsinin qarşısını almağa çalışacaqlarını bildirib.