“BU ŞPRİSLƏR VASİTƏSİLƏ ÖLKƏDƏ MÜXTƏLİF XƏSTƏLİKLƏRİ YAYA BİLƏRLƏR!” – Hökumətə çağırış
Tanınmış ekspertlər, həkimlər, ictimai təşkilatlar hökuməti mənşəyi bilinməyən şprislərin idxalını və satışını dərhal dayandırılmağa çağırdı
Azərbaycana gətirilən şprislərin mənşəyinin məlum olmaması, müvafiq laboratoriyalarda yoxlanılmadan satışa buraxılması və insanların sağlamlığını təhlükə altında qoymasına dair saytımızda dərc olunan yazılar geniş ictimai rezonans doğurub. Xüsusən Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyevin ölkəyə kütləvi şəkildə gətirilən və demək olar ki, bütün apteklərdə satılan, əksər klinikalarda işlədilən şprislərin insanlara tibbi xidmətdə istifadəsinin yolverilməz olduğuna, inkişaf etmiş ölkələrdə belə şprislərin qadağan edildiyinə dair fikirləri ictimaiyyət arasında ciddi narahatçılığın yaranmasına səbəb olub.
Bəzi işbazların Çinin “yeraltı sexlərində” hazırlanmış şprisləri ucuz qiymətə (kiloqramı bir neçə qəpiyə) gətirərək ölkədə reallaşdırılmasını, bu sahəyə nəzarət etməli olan orqanların isə buna şərait yaratması hiddətlə qarşılanıb. “AzPolitika.info” saytına müraciət edən ictimaiyyət nümayəndələri, tibb işçiləri, sadə vətəndaşlar ölkə rəhbərliyi səviyyəsində məsələyə müdaxilə edilməsinin, mənşəyi məlum olmayan şprislərin Azərbaycana gətirilməsini qadağan edən mexanizmin yaradılmasının zəruri olduğunu bildirdilər.
Keyfiyyətsiz şprislər sinir və xərçəng xəstəliklərinin yayılmasına yol aça bilər
Hətta redaksiyamızla əlaqə saxlayan adının çəkilməsini istəməyən həkimlərdən biri Azərbaycana idxal edilən keyfiyyətsiz şprislərin sinir və xərçəng xəstəlklərinin yayılmasına da yol açdığını iddia etdi. Onun sözlərinə görə, bu şprislərin ucları standartlara uyğun olmadığından istifadə zamanı insanlarda, xüsusən uşaqlarda sinirlərin zədələnməsinə səbəb olur. Bu da müəyyən müddətdən sonra insanlarda sinir xəstəliklərinə yol açır. Eyni zamanda bu şprislərlə vurulan dərmanlar insan bədəninə tam ötürülmür, şprisin iynəsinin daxil olduğu yerdə kiçik şişlərin meydana gəlməsinə səbəb olur. Belə şişlərin bəzilərinin sonradan bədxassəli törəmələrə çevrilmə ehtimalı da var…
Qeyd edək ki, nə qədər qəribə də olsa, belə təhlükəli şprislərin Azərbaycanda satılmasına görə birbaşa məsuliyyət daşıyan orqanlar – Səhiyyə Nazirliyi və Gömrük Komitəsi hələ də məsələylə bağlı hər hansı açıqlama verməyib. Hər iki orqanın mətbuat xidmətlərinin telofonlarına cavab verən yoxdur. Səlahiyyətli şəxslər isə məsələnin onlarla bağlı olmadığını bildirərək, məsuliyyəti üzərilərindən atmağa çalışırlar.
Səhiyyə Nazirliyi və Gömrük Komitəsi onları himaye edir, yoxsa…?
Mətbuatda dəfələrlə həyacan təbili çalınmasına baxmayaraq, Gömrük Komitəsi keyfiyyətsiz və təhlükəli şprislərin ölkəyə idxalının qarşısını almaq istiqamətində hər hansı addım atmır. Hətta mətbuatda yazılanlara belə reaksiya verməyə ehtiyac duymur. Gömrük Komitəsinin məsələyə belə laqeyd yanaşması haqlı suallar doğurur. Komitənin məsul şəxsləri keyfiyyətsiz şprislərin idxalı ilə məşğul olanlardan qorxur, yoxsa ortada hansısa çirkli razılaşmalar var? Ümid edirik ki, heç olmasa bu suala cavab verəcəklər?
Səhiyyə Nazirliyinin bu məsələylə bağlı mövqeyi isə ümumiyyətlə anlaşılan deyil. Nazirlik nəinki keyfiyyətsiz və təhlükəli şprislərin ölkəyə idxalına “yaşıl işıq” yandırır, eləcə də onların dövlət tabeliyində olan xəstəxanalarda, polikilinikalarda istifadə olunmasında bilavasitə iştirak edir. Nazirlik tərəfindən keçirilən tenderlərdə keyfyyətli şprislərin deyil, belə təhlükəli şprislərin alınmasına üstünlük verilir.
Səhiyyə Nazirliyinin İdxal şöbəsinin müdiri Mahmud Paşayev yalnız şirkətlərin təqdim etdikləri sənədlərə əsaslanaraq qərar verdiklərini, idxal olunan şprisləri hələlik ekspertizadan keçirmək, onların beynəlxalq standartlara uyğunluğunu yoxlamaq imkanının olmadığını bildirsə də, nazirlik bu problemin həlli istiqamətində heç bir addım atmır. Sanki, Azərbaycan vətəndaşlarının keyfiyyətsiz və təhlükəli şprislərdən istifadəsinin Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxmuş kimi, SUSUR!
Azərbaycan Standartlaşdırma İnstitutunun rəhbərliyinin idxal olunan şprislərin böyük əksəriyyətinin insanlara tibbi xidmətdə yararsız olması, ölkədə təhlükəli xəstəliklərin yayılmasına səbəb ola biləcəyinə dair açıqlaması da Səhiyyə Nazirliyinin hər hansı şəkildə hərəkətə keçməsinə səbəb olmayıb. Bu da Səhiyyə Nazirliyinin məsul şəxslərinin təhlükəli şprisləri idxal edənlərlə hansısa formada “anlaşdığını” düşünməyə əsas verir. Hər halda nazirliyin bu məsələ ilə bağlı bir açıqlama verməsi lazımdır…
Baş Nazirin dəyişməsi ümidləri artırıb
İnsanlarımızın sağlamlığını təhlükə altında qoyan şprislərin Azərbaycana gətirilməsinin qarşısını almaq üçün indiyədək müvafiq standart qəbul etməyən Nazirlər Kabineti də susqunluq nümayiş etdirir. Düzdür, mətbuat xidmətinin rəhbəri zənglərimizə çox hörmətlə cavab verir. Ancaq 3-4 sualdan ibarət sorğumuza iki həftədən artıqdır ki, cavab verən tapılmır. Ya da nə cavab verəcəklərini bilmirlər…
Bəlkə də bu, sabiq Baş Nazir Novruz Məmmədovun fəaliyyətsizliyi ilə bağlı idi, bilmirik. Ancaq ümid edirik ki, əhalinin sağlamlığını təhdid edən keyfiyyətsiz və təhlükəli şprislərin idxalnın qarşısını almaq istiqamətində tədbirlərin görülməsi yeni Baş Nazir Əli Əsədovun ilk növbədə diqqət yetirəcəyi məsələlərdən biri olacaq.
Nazirlər Kabinətinin ölkəyə idxal edilən şprislərlə bağlı tələbləri artırması, yalnız beynəlxalq standartlara uyğun şprislərin idxalına icazə verilməsinə dair müafiq qərarları qəbul etməsi bu sahədəki özbaşnalığın, xaosun qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər.
Nə yazıq ki, indiyədək Nazirlər Kabineti üzərinə düşən vəzifəni yerinə yetirməyərək, bu məsələyə laqeyd münasibət bəsləyib. Bu baxımdan yeni Baş Nazirdən gözləntilər böyükdür. Bu gözləntilərin özünü nə dərəcədə doğruldacağını isə zaman göstərəcək. Nazirlər Kabineti ölkəyə keyfiyyətsiz və təhlükəli şprislərin idxalnın qarşısını almaq üçün nəhayət ki, müafiq addımıar atacaq, yoxsa əvvəlki dövrlərdə olduğu kimi buna laqeyd yanşılacaq? Yəqin ki, bu sualın da cavabını yaxın zamanlarda alacağıq.