Bu şəxslərə pulsuz süni mayalanma ediləcək - VAXT AÇIQLANDI
“Artıq xeyli vaxtdır Milli Məclisin Səhiyyə komitəsində “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanıb”.
Sehiyye.info xəbər verir ki, bunu lent.az-a komitənin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, qanun layihəsində sonsuz ailələrə bir dəfə pulsuz süni mayalanma şansının verilməsi nəzərdə tutulub:
“Süni mayalanma şansının kimlərə şamil edilməsi və bunun üçün dövlət büdcəsindən ayrılmalı olan vəsaitin məbləği isə hələ müəyyənləşməmişdi. Artıq bunun biri həll edilib. Gələn ildən icbari tibbi sığorta fəaliyyətə başlayacaq və bu məsələ də sığorta paketinə aid ediləcək. Ancaq süni mayalanma şansının hansı ailələrə şamil ediləcəyi qanun qüvvəyə mindikdən sonra hökumətin hazırladığı mexanizmlə müəyyənləşəcək. Zənnimcə, seçimlərdə ailənin gəlirləri və bir çox məsələlər nəzərə alına bilər. Mənə gəldikdə, bununla bağlı düşünürəm ki, müraciət edən hər ailəyə bu cür şans verilməsi daha ədalətli olar. Çünki əgər sığorta sisteminə keçiriksə, hamının sığortası qarşılanmalı, burada seçim olmamalıdır”.
M.Quliyev qeyd edib ki, qanun parlamentin payız sessiyasının gündəliyinə salınıb:
“Amma bunun payız sessiyasında müzakirə olunacağı, yaxud yaz sessiyasına saxlanılacağı barədə nəsə dəqiq demək olmaz. Bildiyiniz kimi, payız sessiyası əsasən büdcə müzakirələrini əhatə edir və sentyabr ayının sonundan başlayaraq, dekabr ayının sonlarında bitir. Bu müddətin ən azı bir ayı büdcə müzakirələrinə həsr edilir. Əgər bu qanun layihəsini müzakirə etmək şansımız payız sessiyasında baş tutmasa, yaz sessiyasında baxılacaq”.
Sədr müavini sonsuzluğun hazırda aktual problemlərdən birinə çevrildiyini də deyib:
“Sonsuzluq həm sosial, həm ictimai-siyasi, həm də iqtisadi problemdir. Bu məsələnin həllinə yardım üçün mütləq dövlət dəstəyi lazımdır və qanunun qəbul edilməsi ilə problem öz həllini tapa biləcək.
Qeyd edim ki, ekstrakorporal mayalanma müasir texnologiyanın tətbiqi ilə həyata keçiriləcək”.Metbuat.az