sehiyye.info

Musa Quliyev: Təcili yardım həkimləri polislərə bərabər tutulmalıdır

Musa Quliyev: Təcili yardım həkimləri polislərə bərabər tutulmalıdır
“Pasiyentin hüquqları haqqında” qanun layihəsinin qəbuluna ehtiyac var.

Sehiyye.info bildirir ki,bu haqda Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, artıq neçə ildir ki, bu məsələ gündəmdədir. O qeyd edib ki, pasiyentlərin hüquqlarının qorunması ilə yanaşı, tibb işçilərinin də hüququ qorunmalıdır:

“İki tərəf varsa, bu, hər birinə şamil olunmalıdır.

Eyni zamanda, pasiyentlərin hüquqlarının qorunması icbari tibbi sığortaya bağlı məsələdir. İcbari tibbi sığorta işə düşməyincə, bunu etmək olmazdı.İcbari tibbi sığorta 2020-ci ildən tətbiq olunacaq. Ona görə də Səhiyyə komitəsinin iş planına “Pasiyent hüquqları haqqında” qanun layihəsinin işlənməsi ilə bağlı məsələ salmışıq. İşçi Qrupu mövcuddur.

May ayı ərzində AMEA-nın İnsan Hüquqları İnstitutu ilə birgə dinləmə keçirəcəyik. Buna uyğun mütəxəssisləri də dəvət edəcəyik ki, öz təkliflərini versin.Daha sonra İşçi Qrupu işləməyə başlayacaq.Güman ki, bir il bu qanun layihəsi üzərində iş gedəcək”.

M.Quliyev onu da deyib ki, bəzən pasiyent və ya həmin şəxsin qohumları həkimdən şikayət edib onu məhkəməyə verirlər.

“Onda həkimin də hüquqları olmalıdır ki, bu çərçivədə nələri edib-etməyəcəyini bilsin. Bu mənada əslində tibb işçiləri də bizə şikayət edirlər.

Xüsusən Təcili Tibbi Yardım həkimləri çağırış yerinə gedən zaman döyüldüklərini, təhqir edildiklərini söyləyirlər.

Düşünürəm ki, Təcili Yardım Stansiyasında çalışan həkimlərin də hüquqlarını polis işçilərinin hüquqlarına bərabər tutmalıyıq...”, - M. Quliyev sözlərinə əlavə edib.



REKLAM