sehiyye.info

Süni mayalanma ilə doğulanlar: Qiyməti

Süni mayalanma ilə doğulanlar: Qiyməti
Dünyada hər il təxminən yarım milyona yaxın uşaq süni mayalanma yolu ilə doğulur. Bu isə sonsuzluq hallarının artması ilə bağlıdır. Dünyada, eləcə də Azərbaycanda hər on nəfərdən birinin sonsuzluqdan əziyyət çəkdiyi barədə məlumatlar var. Azərbaycanda hər 100 000 qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınanların sayı təxminən 50 nəfərdir. Bununla yanaşı, qadınlar arasında sonsuzluq halları son vaxtlar iki dəfə artıb, ümumi sonsuzluğun təxminən yarısı isə kişi sonsuzluğunun payına düşür.

Amma uzun illərdir ki, sonsuzluq çarəsiz problem sayılmır, ondan əziyyət çəkənlərə ən son halda süni mayalanma tətbiq olunur. İlk dəfə süni mayalanma ilə dünyaya gələn şəxsin doğulmasından artıq 40 il keçir. Dünyada ilk süni mayalanma 1978-ci ilə icra olunub. Məhz həmin il Böyük Britaniyada Robert Edvards və Patrik Kristofer Steptou tərəfindən ilk uğurlu süni mayalanma həyata keçirilib. Ondan 32 il sonra - 2010-cu ildə Robert Edvards məhz bu işə - ekstrakorporal mayalanmanı praktikada tətbiq edən tədqiqatlarına görə fiziologiya və tibb üzrə Nobel mükafatının laureatı elan olunub.

Fins.az e-tibb.az-a istinadən bildirir ki, süni mayalanma metodu ilə dünyaya gələnlərin sayı isə getdikcə artır, bu say artıq milyonlarla ölçülür. Süni mayalanma daha çox yumurta ehtiyatı az olan, ümumiyyətlə, olmayan, kişi sonsuzluğundan əziyyət çəkənlər üçün seçimdir. Təbii yolla, digər müalicə üsulları ilə uşaq sahibi ola bilməyən cütlüklərin razılığı əsasında laboratoriya şəraitində qadının yumurtaları həyat yoldaşının sperması ilə mayalandırılıb uşaqlıq içərisinə inyeksiya edilir. Süni mayalanma ilə uşağa qalmaq təbii yolla hamilə olmaqdan heç nə ilə fərqlənmir. Azərbaycanda süni mayalanma 2004-cü ildən tətbiq olunur.

"Reproduktiv sağlamlıq haqqında" qanun hələ qəbul olunmasa da, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun Ailənin planlaşdırılması və insanın reproduktiv funksiyalarının tənzimlənməsindən bəhs edən fəslinin 29-cu maddəsi süni mayalanma və embrionun implantasiyası barədədir. Qanuna görə, yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və embrionun implantasiyası hüququ var. Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir.

Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Süni mayalanma həyata keçirən hər klinikada orta hesabla ayda 100 belə proses icra olunur. Bu işin çox az sayda mərkəzdə icra olunduğu nəzərə alınsa, ölkədə təxminən ayda 500-600 süni mayalanmanın həyata keçirildiyi aydın olur. Süni mayalanma zamanı tək rəsmi nikahda olanların deyil, hər kəsin ana, ata olmaq haqqı nəzərə alınır. Təbii ki, tibbi göstərişlər varsa, tibbi müayinələrin nəticələrinə əsasən... Amma qadın üçün xüsusi riskli hallar, ürək problemləri, qara ciyər, böyrək çatışmazlığı zamanı süni mayalanmanın icra olunması əslində əks göstəriş sayılır.

Mütəxəssislərə görə, 45 yaşdan sonra reproduktiv funksiyanın zəifləməsi səbəbindən qadınlarda süni mayalanma şansı çox az sayılır. Buna baxmayaraq, dünyada, eləcə də ölkəmizdə 45 yaşdan yuxarı, hətta 50-55 yaşlarda da süni mayalanma ilə övlad dünyaya gətirən qadınlar var. Qiymətlərə gəlincə, süni mayalanma qiymətləri bu gün o qədər də əlçatmaz sayılmır. Məsələn, bəzi klinikalar bunun üçün 3000-3500 manatlıq xidmət təklif edir. Hətta bəziləri klinikaların vaxtaşırı elan etdiyi süni mayalanma üçün endirim aksiyalarından da faydalana bilirlər. Özəl klinikalarda bu məbləğ, əsasən, 3500-4000-4500, bəzi hallarda 5000 manat arasında dəyişir.



REKLAM