Özbəkistanlı həkimlər Azərbaycanda tətbiq edilən Davamlı Tibb Təhsili sistemi ilə tanış olublar
Özbəkistan Səhiyyə Nazirliyi nümayəndə heyəti ölkəmizdə diplomdan sonrakı tibb təhsilinin strukturu ilə tanış olmaq, bu sahədəki faydalı təcrübəni öyrənib tətbiq etmək məqsədilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda olublar.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Özbəkistan Səhiyyə Nazirliyinin Elm və Təhsil Müəssisələri idarəsinin rəisi, professor Uktam İsmailov qarşılıqlı əlaqələrin gücləndirilməsi və ortaq layihələrin işlənib hazırlanmasını təklif edib, Azərbaycanda tətbiq edilən Davamlı Tibb Təhsili sistemində çox faydalı elementlər olduğunu bildirib.
Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov rəhbərlik etdiyi müəssisədə diplomdan sonrakı tibb təhsili, rezidentura təhsili və aparılan elmi araşdırmalar haqqında qonaqlara ətraflı məlumat verərək deyib ki, müəssisələrimiz arasında qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması gələcəkdə daha geniş əlaqələr üçün şərait yaradacaq.
Görüşdə qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün atılması zəruri olan addımlar müzakirə edilib.