Sentyabrda ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 4 müraciət daxil olub
“İsti günlər arxada qalsa da, hələ də ara-sıra da olsa şöbəyə ilansancma ilə əlaqədar müraciətlər daxil olur. Sentyabr ayında həmin hadisə ilə əlaqədar 4 müraciət daxil olub”,- deyə Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov AZƏRTAC-a məlumat verib.
Baş həkimin verdiyi məlumata görə, toksikologiya şöbəsində ilansancma ilə əlaqədar apreldə 6, mayda 21, iyunda 29, iyulda 24, avqustda isə 12 müraciət daxil olub. Zərərçəkənlərin 14 nəfəri uşaq olub.
Müraciətlərdən 27 nəfər əqrəb, 14 nəfər qara qurd sancması ilə əlaqədar müalicə alıb. Onların hamısı müalicə edilərək sağalıb və evə yola salınıb.
Həmin hadisə nəticəsində paytaxtda müalicə alanlar arasında ölüm hallarına təsadüf edilməsə də, təəssüf ki, regionlarda həmin hadisədən zərərçəkənlər arasında ölüm hadisəsi qeydə alınıb.