sehiyye.info

Stress baş ağrısının yaranmasında əsas səbəblərdən biri sayılır

Stress baş ağrısının yaranmasında əsas səbəblərdən biri sayılır
Baş ağrısı çox vaxt stress və gərginlik nəticəsində yaransa da, ağır xəstəlik sindromu da ola bilər. Aparılan statistik təhlillər nəticəsində insanların 60-70 faizinin baş ağrısından əziyyət çəkdiyi məlum olub. Rejimin və şəraitin dəyişməsi, əsəbilik, gərginlik, hətta hava da ağrılara səbəb ola bilər. Mütəxəssislərin fikrincə, baş ağrısı bəzi adamlarda nadir hallarda, bəzilərində isə tez-tez rast gəlinir. Ağrılar səbəbindən asılı olaraq müxtəlif olur və müddətinə görə fərqlənir.

Sehiyye.info bildirir ki,Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Baş ağrılarının birincili və ikincili formaları var. Birincili baş ağrılarına miqren, gərginlik tipli və klaster baş ağrıları aid edilir. Bu ağrılar o qədər də təhlükəli hesab olunmur. İkincili baş ağrıları daha təhlükəli hesab olunur, çünki orqanizmdə olan daha ciddi xəstəliklərin bir siqnalıdır. Məsələn, insulin, beyin şişləri, beyin qanamaları və yaxud ağır anemiya, ağır qan xəstəliyi, ağır böyrək və s. kimi digər daxili orqan xəstəliklərinin xəbərdarlığı kimi özünü göstərə bilər. Ağrıya təsir edən faktorlar çoxdur. Həmin faktorlar arasında stress əsas yerlərdən birini tutur. Bundan başqa parlaq işıq miqren ağrılarını gücləndirə bilər. Yay fəslində parlaq günəş işığının miqren ağrılarını artırması triqer faktoru sayılır”.

Həkim-terapevtin dediyinə görə, müayinə zamanı ağrının intensivliyi, başın hansı nahiyəsində olduğu, davametmə müddəti araşdırılır və diaqnoz qoyulur.

“Ağrını azaldan faktorlardan biri də serotonindir və onun çatmadığı vaxtlarda depressiya, əsəbilik və s. hallar yaranır. Bəzən baş ağrıları daha dözülməz və daha ağrılı olur. Bu baxımdan əsəb sistemi ağrılarının baş ağrısında rolu böyükdür. Baş ağrıları ayda dörd-beş dəfədən çox baş verirsə və xəstənin həyat fəaliyyətinə təsir edirsə, iş fəaliyyətini pozursa, şiddətli təsir edirsə, nitqində, yerişində problem, nevroloji qüsur, epileptik tutmalarla müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır”, - deyə həkim-terapevt əlavə edib.

Onun verdiyi məlumata görə, baş ağrıları zamanı qidalanmanın rolu var. Məsələn, sitrus meyvələri, şokolad, pendir, kakao, tünd çay və tünd kofe qəbul etmək məsləhət görülmür, lakin bu, daha çox fərdi yanaşma zamanı aşkar olunur. Çoxlu maye qəbul etmək, xüsusən yayda bol miqdarda su içmək məsləhətdir.



REKLAM