Miqren nədir, ondan necə xilas olaq?
Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayiət olunur.
Sehiyye.info Axar.aza istinadən xəbər verir ki, bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeydə alınır. Miqren ağrıları dözülməz olur və bəzən saatlar və günlərlə davam edə bilir. Miqrenin müalicəsi ilə daha çox nevropatoloqlar məşğul olurlar və müalicə prosesində individual yanaşma seçilir.
Miqrenin əlamətləri hansılardır?
Miqren tutmaları zamanı bu əlamətlərin hamısı və ya onlardan bir neçəsi rast gəlinir:
- Mülayimdən kəskinə qədər ola bilən və başın bir yarısını tutan ağrılar;
- Döyüntülərlə xarakterizə edilən baş ağrıları;
- Fiziki hərəkət zamanı ağrıların daha da kəskinləşməsi;
- Ürəbulanma;
- Qusma;
- İşığa və səsə qarşı həssalıq.
Əgər müalicə edilmirsə…
Miqren 4 saatdan 72 saata qədər davam edə bilir. Baş ağrılarının tutma tezliyi insandan-insana fərqli ola bilir. Bəzən miqren tutmaları bir ayda bir neçə dəfə, bəzənsə iki ildə bir dəfə olur. Bütün miqren halları oxşar gedişə malik deyil. Əksər hallarda miqren aursız baş verir ki, bunu da adi miqren adlandırırlar. Aura ilə baş verən miqren isə klassik miqren adlandırılır. Bu zaman tutmadan 15-30 dəqiqə öncə bu və ya digər aura başlayır. Auralar baş ağrısı zamanı da davam edə bilər. Adətən aşağıdakı auralar qeyd edilir:
- Göz qarşısında qığılcımlar;
- Göz önündə yavaş-yavaş yayılan ləkələr;
- Ovuc və ya pəncədə iynə batırılmasını xatırladan hisslər;
- Bəzən dil və ya danışıq problemləri.
Miqrenə təkan verən faktorlar hansılardır?
Birincisi, hormonal dəyişiklikdir. Hormonlar və baş ağrısı arasında dəqiq əlaqə məlum olmasa da, müəyyən edilib ki, esterogen səviyyəsində baş verən dəyişikliklər miqreni olan qadınlarda tutmanın baş verməsinə səbəb olur. Hormonal dərmanların qəbulu miqren tutmalarını tezləşdirir. Bəzi qida növləri miqrenli xəstələrdə tutmalarını tezləşdirir. Bunlara spirtli içkilər (xüsusilə pivə və qırmızı şərab), çox saxlanmış pendirlər, şokalad, qıcqırmış qidalar, kofein, bir çox konservləşmiş qidalar daxildir.
Həmçinin ac qalma, ağır həftə və ya istirahətdən sonrakı ilk həftənin sonunda, güclü işıq və gün şüaları, həm xoş, həm də qeyri-xoş iylər, yuxu rejiminin pozulması, həm uzun müddət yatma, həm də yuxusuzluq miqren tutmalarını yeniləyə bilər.
Bura fiziki faktorlar da daxildir. İntensiv fiziki fəaliyyət miqren tutmalarını təhrik edə bilər. Ətraf mühit, havanın, fəsil və ya barometrik təzyiqin, eləcə də zaman zonasının dəyişməsi miqren tutmalarına təkan verən əlamətlərdir. Bura dərmanlar da daxildir. Bəzi dərmanlar miqren tutmalarını artırır.
Bəs həkimə nə zaman müraciət edilməldir?
Miqren xroniki patologiya olub, çox zaman diaqnoz qoyulmadan və müalicə edilmədən qalır. Yuxarıda sadalanan əlamətləri olanlar həkimə müraciət etməli və lazımi tövsiyələr almalıdır. Aşağıdakı hallarda isə dərhal həkimə müraciət etmək lazımdır:
- Qəfləti başlayan kəskin baş ağrıları;
- Huşsuzluqla müşayət olunan baş ağrıları;
- Yaddaşın zəifləməsi ilə müşayət olunan baş ağrıları;
- Hərarətin yüksəlməsi ilə müşayət olunan baş ağrıları;
- Ətraflarda iflicin yaranması ilə müşayət olunan baş ağrıları;
- Ürəkbulanma ilə müşayət olunan baş ağrıları;
- 50 yaşından sonra meydana çıxan baş ağrıları.