sehiyye.info

Xəzəryanı ölkələrin minimal-invaziv cərrahlarının növbəti forumu 2021-ci ildə Bakıda keçiriləcək

Xəzəryanı ölkələrin minimal-invaziv cərrahlarının növbəti forumu 2021-ci ildə Bakıda keçiriləcək
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin minimal-invaziv cərrahlarının forumu keçirilib. Forumun işində Qazaxıstan, Azərbaycan, Rusiya və İrandan olan mütəxəssislərlə yanaşı həm də İtaliyadan, Almaniyadan və bir sıra digər ölkələrdən gələn 50-yə yaxın mütəxəssis iştirak edib.

Tədbirdə minimal-invaziv cərrahiyyədə, qalxanvari vəzin, mədəaltı vəzin, mədə-bağırsaq sisteminin üzvlərinin cərrahi xəstəliklərində dünyada mövcud olan ən qabaqcıl texnika, ən müasir müalicə və diaqnostika metodları, onların effektivliyi, tətbiq sahələri haqqında məruzələr oxunub. Bu forumun təşkilatçılarından biri kimi iştirak edən Azərbaycanı tədbirdə Azərbaycan Minimal-invaziv cərrahlar cəmiyyətinin prezidenti, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov, professor İslam Mahalov və doktor İlqar İsmayılov təmsil ediblər.

Professor Qurbanxan Müslümovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, forumun gedişində 30-dan çox canlı əməliyyat aparılıb və onların icrası konfrans salonunda monitorda nümayiş olunub, müxtəlifyönümlü mütəxəssislər tərəfindən birgə müzakirə edilib: “Mütəxəssislərimiz İtaliyadan, Fransadan, Rusiyadan gələn ekspertlərlə yanaşı oxuduqları məruzələr, rəhbərlik etdikləri ustad dərsləri və müxtəlif məsələlərin müzakirəsində və diskussiyalarda iştirak edib, Azərbaycanın tibb sahəsində də regionun qabaqcıl ölkələrindən biri olması haqqında forum iştirakçılarında təəssürat yarada bilib. Forumun sonunda Qazaxıstan, Rusiya və Azərbaycan minimal-invaziv cərrahlar tərəfindən Xəzəryanı ölkələrin Minimal-invaziv Cərrahlıq Cəmiyyəti yaradılması təşəbbüsü irəli sürülüb. Cəmiyyətin növbəti toplantısı 2020-ci ildə Mahaçqalada keçiriləcək. Xəzəryanı ölkələrin minimal-invaziv cərrahiyyə sahəsindəki mütəxəssislərini birləşdirən belə bir cəmiyyətin rəsmən təsis olunması 2021-ci ildə Bakıda keçiriləcək növbəti konqresdə reallaşdırılması və mərkəzi ofisinin də məhz ölkəmizin paytaxtında yaradılması qərara alınıb”.

Qeyd edək ki, professor Qurbanxan Müslümov forumun ən böyük toplantılarından birinin sədri olub və gün ərzində icra olunan əməliyyatların gedişinə və müzakirəsinə moderatorluq edib.



REKLAM