sehiyye.info

Uğurlu neyrocərrahiyyə əməliyyatlarından sonra 27 yaşlı oğlan sağlamlığa qovuşub

Uğurlu neyrocərrahiyyə əməliyyatlarından sonra 27 yaşlı oğlan sağlamlığa qovuşub
Səkkiz il əvvəl xəstənin 19 yaşı olarkən xarici ölkə klinikasında onurğa kanalında yerləşmiş iki ədəd törəmədən biri çıxarılsa da, o birinə toxunulmayıb. Çıxarılmayan törəməni bir il nəzarətdə saxlayan həkimlər onun problem doğurmayacağını güman ediblər.

Sehiyye.info bildirir ki,Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, həmin hadisədən yeddi il sonra belində şiddətli ağrı, yerişin və çanaq orqanlarının ləngimə tipli pozulması ilə əlaqədar müraciət edən xəstənin maqnit-rezonans müayinəsi zamanı vaxtilə çıxarılan törəmənin yenidən inkişaf etməsi, çıxarılmayan törəmənin isə dəfələrlə böyüməsi aşkar edilib. Uzanarkən ağrıların ciddi şəkildə artdığına görə xəstə oturaraq yatmaq məcburiyyətində qalmışdı.

Onurğa beyninin həssas hissəsinin əməliyyatları risklidir, təkrar əməliyyatlar isə daha da təhlükəlidir. Lakin başqa seçimin olmaması əməliyyatı qaçılmaz edib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin neyrocərrahı Azər Əkbərov yeddi saatlıq əməliyyat nəticəsində yenidən inkişaf edən törəməni xaric edib. Bundan dörd ay sonra isə digər törəmə çıxarılıb. Əməliyyatdan sonra heç bir qüsur izlənilməyib və xəstənin şikayətlərinə son qoyulub.



REKLAM