sehiyye.info

Sabirabadda iki nəfər qarayara xəstəliyinə yoluxub və onlardan birinin həyatını xilas etmək mümkün olmayıb

Sabirabadda iki nəfər qarayara xəstəliyinə yoluxub və onlardan birinin həyatını xilas etmək mümkün olmayıb
Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə iki nəfər müraciət edib. Onlar əvvəlcə hərarətin soyuqdəymədən qalxmasını ehtimal etsələr də, sonradan vəziyyətin ağırlaşdığını görən qohumlar onların xəstəxanaya üz tutmasını məsləhət görüblər.

Sehiyye.info bildirir ki,Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qarayara olmasını ehtimal etdiyindən müayinə üçün götürülən nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Stansiyanın mütəxəssisləri həmin nümunələri araşdıraraq qarayara xəstəliyi diaqnozunu təsdiqləyiblər.

Diaqnozu öyrənəndən sonra qohumlar hər iki xəstəni paytaxta aparmaq qərarına gəliblər. İyulun 25-i xəstələr ağır vəziyyətdə Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bildirdiyinə görə, yara onun sağ əlinin baş barmağında olub. Klinikaya gətiriləndə xəstələrin ikisi də ağır vəziyyətdə olub. Hazırda digər xəstənin müalicəsi davam edir.

Qeyd edək ki, qarayara xəstə heyvanla təmas nəticəsində yoluxan infeksiyadır. İnsandan insana keçmir. Həmin xəstəlik 2014-cü ildə ölkəmizdə 10, 2015-ci ildə 9, 2016-cı ildə 10, 2017-ci ildə 6, 2018-ci ildə 9, bu il isə 7 nəfərdə qeydə alınıb.



REKLAM